Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl, sistemli və intensiv şəkildə davam edir.
Seçkilərlə əlaqədar yanvarın 19-da 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir.
Həmin dairə seçki komissiyasında yanvarın 23-dək davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaq məqsədi daşıyır.
“İki sahil” xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən dördgünlük treninqlərdə 42 məntəqədən ümumilikdə 230 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən trenerlər Arif Əhmədov və Sevda Novruzova aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair barədə məlumat verilir.
Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim olunur.
Seçkilərə hazırlıq proses barədə məlumat verən dairə seçki komissiyasının sədri Gülnarə Salmanova deyib ki, məntəqələrdə seçkilərin demokratik şəraitdə keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Məntəqələr seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb.
“Dairənin əhatə etdiyi daimi seçki məntəqələrinin sayı 42, qeydiyyatda olan seçicilərin sayı isə 51 mindən çoxdur. Seçkilərə beş gün qalmış təşkil ediləcək dörd məntəqəmizdə seçicilərin sayının təxminən 2800-dən artıq olacağı gözlənilir. Dairə üzrə 18 yaşı tamam olmuş 148 seçicimiz ilk dəfə səs verəcəklər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 3 və Daxili Qoşunların paytaxtdakı “N” saylı hərbi hissəsində isə 1 məntəqə olmaqla müvəqqəti məntəqələr yaradılacaq”, - deyə o bildirib.
35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasının üzvü Arif Əhmədov isə qeyd edib ki, ümumiyyətlə, treninqlər yanvarın 19, 21, 22, 23–də olmaqla dörd gün davam edəcək. Tədbirlərdə 230 nəfər daimi məntəqə üzvünün iştirakı planlaşdırılır. Dairə seçki komissiyamızın üzvləri MSK tərəfindən təyin olunmuş təlimlərə əvvəlcədən cəlb edilərək proses barədə məlumatlandırılıblar. Bu gündən - yanvarın 19-dan isə dairə seçki komissiyasının məntəqələrin üzvlərinin maarifləndirilməsi üçün treninqlərimizə başlamışıq. Hazırda keçirilən təlimlərdə isə iştirakçılara seçki günü məntəqə seçki komissiyalarının üzvlərinin, sədrlərinin, katiblərinin rol və vəzifələri izah edilir, məntəqə seçki komissiyalarında seçki prosedurları, seçki prosesinin Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun aparılması qaydası və müstəsna hallar, protokolların və seçki bulletenlərinin təsnifatı, protokolların yazılmaq qaydası və digər bütün məsələlər haqqında məlumat veririk”, - deyə o əlavə edib.
Xatırladaq ki, Xətai rayonu üzrə bələdiyyə seçkilərində 48 nəfər namizədliyini irəli sürüb.
Qeyd edək ki, treninqlər 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai – Suraxanı seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunur.