Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninq təşkil olunub.
“İki sahil” xəbər verir ki, treninqdə çıxış edən 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev seçki dairəsi üzrə hazırda 37-si daimi, 1-i isə müvəqqəti olmaqla ümumilikdə 38 seçki məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu günə qədər seçki dairəsi üzrə 48 min 688 seçici qeydə alınıb.
Onların 45 faizini kişilər, 55 faizini isə qadınlar təşkil edir. Seçicilərin 927 nəfəri 80-100 yaşlı insanlardır. 301 nəfəri isə ilk dəfə səs verəcək gənclərdir.
Vurğulanıb ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqələr bütün zəruri əşyalarla təchiz olunub.
“İstismar müddəti bitmiş və yararsız vəziyyətə düşmüş əşyalar Mərkəzi Seçki Komissiyası tərəfindən yenilənib. Ümumilikdə bələdiyyə üzvlüyünə 33 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin təbliğat və təşviqatı üçün seçki dairəsinin ərazisində münbit şərait mövcuddur. Belə ki, bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılıb. Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən əvvəlki seçkilərdə olduğu kimi seçki dairəsinin ərazisində təbliğat məqsədilə artıq qapalı və açıq yerlər müəyyən olunaraq namizədlərin ixtiyarına verilib. Bu günə qədər dairə seçki komissiyası tərəfindən 464 nəfər müşahidəçi qeydə alınıb.
Onlardan 174 nəfəri siyasi partiyalar, 290 nəfəri isə öz təşəbbüsü ilə müraciət edənlərdir. Seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gələrək səsverməsi məqsədilə seçki dairəsi üzrə bir neçə seçki məntəqəsinin dislokasiyasında əlavə və dəyişikliklər aparılıb. Əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də seçki dairəsi üzrə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar vasitəsilə səsvermə günü səsvermənin gedişatını dünyanın istənilən internet imkanı olan ölkəsindən izləmək mümkün olacaq. Seçki məntəqələrində quraşdırılacaq seçki kabinələri (400-ə yaxın) və qutularının sayı (114 ədəd) səsvermə günü seçiciyə növbəsiz kabinəyə daxil olaraq öz iradəsini bildirməyə kifayət qədər vaxt imkanı yaradacaq. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə DSK-nın nəzdində 3 nəfərdən ibarət ekspert qrupu yaradılıb”,- deyə o əlavə edib.
Treninq iştirakçılarına MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması və s. barədə məlumat verilib. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası da təqdim edilib. Treninqdə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin sualları cavablandırılıb. Həmçinin treninqlər 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü və 11 saylı Binəqədi-Qaradağ seçki dairələrinin dairə seçki komissiyalarında da keçirilir.
Qeyd edək ki, MSK tərəfindən təsdiq olunan “Təqvim Planı”na uyğun olaraq bu gündən etibarən dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində DSK-nın inzibati binasında treninqlərin keçirilməsinə başlanılıb.