19 yanvar 2025 18:03
100

Naxçıvanda IX və XI  siniflər üçün keçirilən monitorinq imtahanlarında 9 mindən artıq şagird iştirak edib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yanvarın 19-da  şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti  monitorinq qiymətləndirmə imtahanı  keçirilib. 

“İki sahil” xəbər verir ki,  monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 9 mindən artıq şagirdin iştirakı təmin olunub. İmtahanda şagirdlərə Azərbaycan  və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 

 ️Məlumat üçün bildirək ki, mərkəzin imkanlarından istifadə edilməklə  IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkili nəzərdə tutulur. Bu gün təşkil olunan monitorinq imtahanı  2024-2025-ci tədris ilində keçirilən ikinci sınaq imtahanıdır. 

Məlumat üçün bildirək ki,  monitorinq qiymətləndirmə imtahanları dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz olmaqla həyəta keçirilir.