Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 dairə seçki dairəsində məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlər keçirilir. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.
“İki sahil” xəbər verir ki, treninqlərdə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurlar müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur. Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, suallar cavablandırılır.
Seçki məntəqələrinin hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları əks etdirən “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla təmin olunublar.
1 saylı Şərur-Sədərək seçki dairəsinin sədri Niyaz Əsgərov bildirib ki, treninqlərdə dairə üzrə 8 məntəqənin 48 əməkdaşı iştirak edəcək. Təlimlər gün ərzində iki dəfə olmaqla, 4 gün davam edəcək. 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə 48 mindən çox seçici qeydə alınıb ki, onlardan 343-ü ilk dəfə səs verəcək. Ən yaşlı seçici 46 saylı Sədərək kənd seçki məntəqəsində qeydiyyatda olan, 1926-cı il təvəllüdlü Gülüstan Əsədovadır. Dairə üzrə seçkilər 8 bələdiyyəni əhatə edəcək.
2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə 49 mindən çox seçici qeydə alınıb. Onlardan 353-ü ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yanvarın 19-dan başlayaraq 5 gün ərzində, gündə iki dəfə olmaqla keçiriləcək treninqlərə 57 məntəqədən 342 əməkdaş cəlb olunacaq. Seçki təyin olunan 8 bələdiyyə üzrə 179 namizəd mübarizə aparacaq.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə, dairə üzrə 43 məntəqədən 258 əməkdaş treninqlərdə iştirak edəcək. Təlimlər 4 gün müddətində, gündə iki dəfə olmaqla təşkil olunacaq. Dairə üzrə 46 mindən çox seçici qeydə alınıb ki, onlardan 237-si ilk dəfə səs verəcək.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur-Sədərək seçki dairəsindən 48, 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə 342, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən 354, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən 258, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə 282, 6 saylı Oubad-Culfa seçki dairəsindən 78 olmaqla, ümumilikdə 1362 əməkdaş treninqlərdə iştirak edəcək.