Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Qars şəhərində olub.
“İki sahil” xəbər verir ki, əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad olunub və abidə önünə gül dəstələri qoyulub. Ardınca komitə sədri Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu ilə görüşüb.
Görüşdə ali təhsil ocağının fəaliyyəti, eləcə də burada çalışan azərbaycanlı müəllimlər və təhsil alan soydaşlarımız barədə ətraflı məlumat verilib. Universitetə Azərbaycanın tarix və mədəniyyətinun rəmzi olan hədiyyələr təqdim olunub.
Komitə sədri daha sonra Qars Qafqaz Universitetinin nəzdindəki “Heydər Əliyev Təhsil Mərkəzi”nin fəaliyyətilə yaxından tanış olub, universitetin azərbaycanlı müəllimləri və icma üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev iştirak və çıxış edib, bu görüşü Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza yüksək diqqəti kimi qiymətləndirib.
Universitetin rektoru qonaqları salamlayıb, iki ölkə arasındakı müxtəlif sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib, mərkəzin işi barədə məlumat verib.
Komitə sədri ölkəmizin diaspor siyasətindən və belə toplantıların əhəmiyyətindən danışıb, azərbaycanlı alim və pedaqoqların Türkiyə elminə verdikləri töhfələri, yeni nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Eyni zamanda komitənin elmi mübadilə, tələbə mübadiləsi və kitab çapı sahəsində universitetə töhfələr verə biləcəyi nəzərə çatdırılıb, ali təhsil ocağının kitabxanasına ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub.
Görüşdə həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin uğurlu inkişafı sahəsindəki xidmətlərindən bəhs edilib, ölkədə və xaricdə yaşayan elm adamlarına Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı bir daha nəzərə çatdırılıb.
Görüşdə xaricdə yaşayan azərbaycanlı alimlərin forumlarının təşkili, yaradılan ortaq müzakirə platformaları, ana dilimizin qorunması, Azərbaycanla bağlı həqiqətlərin təbliği və s. barədə danışılıb, azərbaycanlı alimlərin dünya elminin inkişafı yolunda qazandıqları uğurlar dilə gətirilib.
Sonda Türkiyənin Qars Qafqaz Universitetinin xarici əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Tədqiqat Mərkəzinin və qeyri-üzvü kimya kafedrasının müdiri, professor Hacalı Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı təqdim edilib. Professor yüksək medala layiq görülməsinə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu əlamətdar hadisəni Azərbaycan elminə və alimlərinə göstərilən dövlət qayğısının bariz nümunəsi adlandırıb.