21 yanvar 2025 10:53
106

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - RƏY 

"Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar həcmində investisiya yatırması təkcə iqtisadi deyil, həm də siyasi etimadın göstəricisidir." 

Bu fikirləri “İkisahil”ə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. 

Tahir Mirkişili qeyd edib ki, Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən işlər xüsusi əhəmiyyət kəsb edir: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində görülən işlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma həcminin 1 milyon tondan 5 milyon tona çatdırılması regional əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir." 

Tahir Mirkişili energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətinə də toxunub: "Hazırda Azərbaycan 11 ölkəyə təbii qaz ixrac edir və bunun 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın qaz istehlakının 80 faizdən çoxunun Azərbaycan mənşəli olması qarşılıqlı etimada əsaslanan enerji tərəfdaşlığının bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə, rəqəmsal infrastrukturun inkişafı, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması perspektiv istiqamətlər kimi qiymətləndirilir," - deyə deputat vurğulayıb. 

T.Mirkişili qeyd edib ki, iki ölkə arasında mövcud olan 123 sənəddən ibarət müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır: "Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi strateji əhəmiyyətli layihələr təkcə regional deyil, qlobal enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələr eyni zamanda regionda sabitliyin və iqtisadi inkişafın təminatçısı rolunu oynayır."