21 yanvar 2025 14:35
194

Azərbaycanla Gürcüstan arasında əlaqələr xalqlarımızın strateji maraqlarına əsaslanır - Soltan Məmmədov/EKSKLÜZİV

Bu gün Azərbaycan-Gürcüstan əlaqələri elə bir səviyyəyə çatıb ki, istənilən mövzunu ikitərəfli qaydada müzakirə etmək, həll yolları tapmaq mümkündür

“Azərbaycanla Gürcüstan arasında əlaqələr xalqlarımızın strateji maraqlarına əsaslanır. Əsas məqamlardan biri bundan ibarətdir ki, hər iki ölkə ikitərəfli münasibətlərdə öz milli mənafelərini qorumaqla yanaşı, bir-birinin maraqlarını da nəzərə alır. Bu baxımdan, cənab Prezidentin də vurğuladığı kimi, bizim münasibətlərimiz bütün qonşular üçün nümunə ola bilər".

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman tərəfdaşları ilə münasibətlərin qarşılıqlı etimad əsasında qurulmasına çalışıb. Millət vəkili bildirib ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq Cənubi Qafqazın ümumi inkişafını təmin edən əsas amillərdəndir: "Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın 5 ticarət tərəfdaşından biridir. Bu iqtisadi əlaqələrin miqyasını və hər iki ölkə üçün əhəmiyyətini ifadə edən çox mühüm göstəricidir. Regionda həyata keçirilən qlobal layihələrdə iki ölkə tərəfdaş kimi fəal iştirak edir. İqtisadi və siyasi münasibətlərin dəyişdiyi müasir dövrün şərtləri gələcəkdə Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da möhkəmlənəcəyini deməyə əsas verir".

S.Məmmədov vurğulayıb ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini Azərbaycana etməsi ikitərəfli münasibətlərə nə qədər böyük önəm verildiyini təsdiq edir: "Bu gün Azərbaycan və Gürcüstan əlaqələri elə bir səviyyəyə çatıb ki, istənilən mövzunu ikitərəfli qaydada müzakirə etmək, həll yolları tapmaq mümkündür. Tarixi kontekstdən, eyni zamanda müasir dövrün şərtləri çərçivəsində baxsaq, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı təbii xarakter daşıyır. Ona görə də əminliklə qeyd etmək mümkündür ki, bu münasibətlərin daha da inkişafı, möhkəmlənməsini proqnozlaşdıra bilərik. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstanın iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir. Bu göstərici 3,6 milyard dollar təşkil edir. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın Gürcüstan üçün nə qədər mühüm tərəfdaş olduğunu təsdiq edir".

Yaqut Ağaşahqızı “İki sahil”