21 yanvar 2025 14:23
84

Fransanın müstəmləkəçiliyi altında olan xalqları eyni acı birləşdirir

Qəmər Adalarının Suverenliyinin, Bütövlüyünün Müdafiəsi Təşkilatının təmsilçisi Abdu-Rauf Mustafa yeni Pan-Afrikanın formalaşması üçün çağırış edib.

“İki sahil” xəbər verir ki, o bu təklifi yanvarın 21-də Bakıda "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" konfransı çərçivəsində keçirilən "Beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonizasiya prosesi" sessiyasında səsləndirib.

A.Mustafa Fransanın müstəmləkəçiliyi altında olan xalqları eyni acının birləşdirdiyini bildirib:

"Hind okeanı, Qəmər xalqı və digərləri hələ də Fransanın yaratdığı çətin vəziyyətdən əziyyət çəkirlər. Əsas məqsədimiz Mayot və Qəmər Adalarının azad olunmasıdır. Mübarizəmizi daha geniş formada aparmalıyıq".

"Ka Ubuntu" Müstəqillik Hərəkatının sədri Romain Katambara beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonziya prosesinin əhəmiyyətindən danışıb:

"Bu proses bizim üçün olduqca önəmlidir. Əsas məqsədlərdən biri daimi müstəqilliyimizi əldə etməkdir. Biz bu gün hegemon dövlətlərə qarşı mübarizə aparırıq. Müstəqillik əldə etmək istəyirik. Region ölkələri ilə mədəni, siyasi, hərbi baxımdan gücləri birləşdirərək praktiki şəkildə müstəqilliyə nail ola bilərik. Bu həm də Qərbə qarşı mübarizədə bizim üçün önəmlidir".

Burkino Faso təmsilçisi, "BACİDE" araşdırma bürosunun direktoru Konat Musa vurğulayıb ki, artıq dünya nizamının dəyişilməsinin vaxtıdır:

"Dünya ictimaiyyəti müstəmləkəçilik məsələsində bir araya gəlməlidir".

Politoloq İlyas Hüseynov isə Fransanın yeni giosiyasi reallıqlara hazır olmadığını söyləyib:

"Müstəmləkə ərazilərinin resurslarını yerli xalqlar mənimsəməlidirlər. Lakin həmin ərazilərdə insanların rifahını zədələyən proseslər həyata keçirilməkdədir".

Müzakirə sual-cavabla davam etdirilib.