21 yanvar 2025 15:37
182

Azərbaycan-Gürcüstan tərəfdaşlığı region üçün strateji əhəmiyyət daşıyır - Cəsarət Hüseynzadə

Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız ikitərəfli deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etimad əsasında formalaşıb. Müstəqillik əldə etdikdən sonra iki ölkə strateji tərəfdaş kimi əlaqələrini daha da gücləndirərək Cənubi Qafqazda sabitlik və inkişafın əsas dayaqlarından birinə çevrilib.

Bu fikirləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri və iki ölkə arasındakı strateji münasibətlər barədə "İki sahil"ə açıqlamasında  bildirib.

O, qeyd edib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri də bu əməkdaşlığın nə qədər möhkəm və sarsılmaz olduğunu bir daha sübut etdi. Siyasi əlaqələr baxımından Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşular üçün nümunə sayıla bilər. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir və bu, regional sabitliyin qorunmasında mühüm rol oynayır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də mətbuata bəyanatları zamanı dövlətimizin başçısının vurğuladığı kimi,  iki ölkə arasındakı münasibətlər beynəlxalq səviyyədə də böyük əhəmiyyət daşıyır. Gürcüstanın Baş naziri də öz çıxışında Azərbaycanın liderliyini xüsusi qeyd edərək Prezident İlham Əliyevi "fərqli bir lider" adlandırıb və Azərbaycanın regional siyasətdəki rolunun Gürcüstan üçün də nümunə olduğunu bildirib. Bu qarşılıqlı etimad və hörmət regionun təhlükəsizliyinin qorunması üçün mühüm amillərdən biridir.

QHT sədri vurğulayıb ki, iqtisadi sahədə də Azərbaycan Gürcüstan üçün etibarlı tərəfdaşdır. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub və bu, ölkələr arasında iqtisadi əlaqələrin dayanıqlılığını göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi iri infrastruktur layihələri iki ölkənin iqtisadi inteqrasiyasını möhkəmləndirir. İrakli Kobaxidze də açıqlamasında iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb və iki ölkə arasında hökumətlərarası komissiyanın 10-cu iclasının bu baxımdan mühüm rol oynadığını bildirib. Enerji sahəsində əməkdaşlıq isə regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Təşkilat sədrini diqqəti daha da strateji əməkdaşlıq formatı çərçivəsində  Azərbaycan bu gün 11 ölkəyə Gürcüstan üzərindən təbii qaz ixrac etdiyinə çəkərək bildirib ki, bu məqamın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında  Gürcüstanın Azərbaycanın həyata keçirdiyi vacib layihəyə dəstəyidir. Və bu dəstək sahəsində Gürcüstanın iqtisadi və siyasi maraqlı ilə də üst-üstə düşür.  Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, həm də Avropa regionunun enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir.

Cəsarət Hüseynzadə bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasındakı əlaqələr sadəcə siyasi və iqtisadi deyil, strateji əməkdaşlıq səviyyəsindədir. Onun sözlərinə görə, bu münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək və regionun təhlükəsizliyinə, iqtisadi inkişafına mühüm töhfələr verəcək.

"Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq modeli bir çox qonşu ölkələr üçün nümunə ola bilər. Bu əməkdaşlıq regionun sabitliyinə və iqtisadi inkişafına mühüm təsir göstərir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun rifahına xidmət edir. Bu strateji tərəfdaşlıq sayəsində Cənubi Qafqaz regionu daha da güclənəcək və iki ölkənin əməkdaşlığı yeni uğurlara imza atacaq" - deyə Cəsarət Hüseynzadə qeyd edib.

Yaqut Ağaşahqızı “İki sahil”