22 yanvar 2025 16:05
87

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.