SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən VI qrant müsabiqəsinin qalibi olublar.
BANM-dən "İki sahil"ə bildirilib ki, Xəyalə Miriyeva və Fatimə Nəsirovanın birgə hazırladığı layihə “Təhsil, elm və tədqiqat vasitəsilə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək” qrantı çərçivəsində 15 min 250 manat məbləğində maliyyə dəstəyi qazanıb.
Layihə tullantı qida yağlarını ikimərhələli sintez prosesi ilə ekoloji cəhətdən təmiz və sağlam təmizləyici materiallara çevirir. Bu innovativ yanaşma kimyəvi maddələrin istifadəsinin azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verərək,davamlı və ekoloji təmiz məhsulların istehsalına imkan yaradır.
Layihənin elmi rəhbəri İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.