23 yanvar 2025 16:19
113

İran və Azərbaycan bu məsələdə razılaşıb - AÇIQLANDI

Qarşıdakı 5 il ərzində İran ilə Azərbaycan arasında tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə iki dövlət arasında razılıq əldə olunub.

“İki sahil” xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeqi deyib.

O, bildirib ki, Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir və Rusiya ilə İran arasında tranzit yükdaşımalarını təmin etmək imkanına malikdir.

Komissiyanın yanvarın 22-də Tehranda keçirilən iclasını yüksək qiymətləndirən iranlı nazir nəzərə çatdırıb ki, tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin artırılması ilə əlaqədar bir sıra tədbirlər görmək barədə razılığa gəliblər: “Bununla yanaşı yaxın günlərdə sözügedən dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün Moskvada Rusiya, Azərbaycan və İranın müvafiq qurumlarının rəhbərləri arasında görüş keçiriləcək. Görüşdə tranzit fəaliyyətinin inkişafı və lazımi mexanizmlərin işə salınması məsələləri müzakirə ediləcək”.