23 yanvar 2025 16:37
109

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Davos Forumu çərçivəsində dərc olunan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin 2023-2024-cü illər Təsir Hesabatı”nda Şəbəkəyə üzv olan mərkəzlərin süni intellekt, enerji keçidi, biotexnologiya və rəqəmsal iqtisadiyyat üzrə fəaliyyəti qiymətləndirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) fəaliyyəti sənəddə xüsusi qeyd edilib. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun 4SİM-in təşəbbüslərə dair fikirlərinə yer verilib.

Hesabatda 4SİM-in DİF-in Enerji və Materiallar Mərkəzi ilə birgə həyata keçirdiyi “Enerjidə süni intellekt həlləri” layihəsi çərçivəsində enerji sahəsində süni intellektin tətbiqi üzrə qlobal həll konsepsiyaları hazırlandığı bildirilib. Bu istiqamətdə yerli ekspertlərlə sorğular keçirilərək 40 həll konsepti hazırlanıb.

Qeyd edək ki, artıq bu həll konseptlərinə uyğun olaraq Azərbaycanda pilot layihənin icrasına başlanıb. Pilot layihə ağıllı sensorlar və prediktiv süni intellektin tətbiqi ilə elektrik enerjisinə qənaət olunmasını nəzərdə tutur.

Sənəddə həmçinin bildirilir ki, 4SİM və DİF-in İnvestisiya Siyasəti və Təcrübə Platforması birgə “Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi” adlı layihə həyata keçiriblər. Layihənin nəticələri əsasında bu istiqamətdə tövsiyələr hazırlanıb və rəqəmsal iqtisadiyyat sahəsində gələcək inkişaf istiqamətləri müəyyən edilib:

Yerli startaplar və KOB-ların inkişafına dəstək, investisiyaya əlçatanlıq;

Müəssisələrin rəqəmsallaşmasına dəstək;

İnvestech alətlərinin (investisiya kalkulyatoru) inkişaf etdirilməsi.

Sənəddə qeyd olunur ki, ötən il Azərbaycanda 4SİM-in tərəfdaşlığı ilə keçirilən InMerge İnnovasiya Sammiti 5000-dən çox iştirakçı, 50-dən çox beynəlxalq investor və 150 startapı bir araya gətirərək ölkənin innovasiya ekosisteminin inkişafına töhfə verib.

Qeyd edək ki, 4SİM Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. 4SİM DİF-in mövcud olan 21 mərkəzindən biridir.