İki ildir ki, Hayastanda lövbər salmış Aİ missiyasının, əslində, mülki deyil, hərbi kontingent olması regionda yenidən gərgin vəziyyətin yarana biləcəyindən xəbər verir
Gələn ay Ermənistanda fəaliyyətinin 2-ci ilinə qədəm qoyacaq Avropa İttifaqının (Aİ) mülki missiyasının qərarda göstərilən ilkin mandatından xeyli kənara çıxdığı hər kəsə məlumdur. Həm də bu yoldansapmalar şərti sərhəddə müşahidə missiyasından fərqli fəaliyyətə baş vuran avrolegionun jandarmlar və hərbçilərinin maraqlı davranışları ilə müşayiət olunur. 2022-ci il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası mülki missiyanın Ermənistana göndərilməsi barədə qərar verdi. Adı mülki, əslində isə hərbi legiona bənzəyən missiya 2023-cü il fevral ayının 20-də fəaliyyətə başladı. Daha sonra isə özlərini mülki yox, “xoşməramlı” missiya adlandırdılar. Hayastanda lövbər salmış Aİ missiyasının, əslində, mülki deyil, hərbi kontingentə çevrilməsi danılmaz faktdır. Bu da təəccüblü deyil. Elə missiyanın rəhbəri postuna Ştutqart şəhərinin polis idarəsinin rəisi, alman Markus Ritterin təyin edilməsi bir çox məqamlardan xəbər verirdi. Keçmiş polis şefinin “xidməti dosyesi”ndə Aİ-nin İraqdakı məsləhət missiyasının rəhbəri, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri qrafaları da yer alır. Fransa nümayəndəsi Şarl Fris isə Aİ-nin bölgədə həyata keçirdiyi bütün əməliyyatların kuratorudur. Bir sözlə, “alman–fransız legionu”ndakı əməkdaşların böyük əksəriyyəti elit bölmələrdə xidmət keçmiş eks-hərbçilər, polislər, müxtəlif ölkələrin kəşfiyyatçılarıdır. İşinə 50 nəfərlə başlayan missiya hazırda 209 nəfərlik heyətə malikdir. Nədənsə, bu missiyada Kanada da təmsil edilir. Əgər bu Avropa İttifaqının missiyasıdırsa, Kanadanın burada təmsil edilməsinə nə ehtiyac var? Yəni, Kanada hansı əvəzedilməz mütəxəssisi təqdim edib ki, o mütəxəssis Avropa ölkələrində yoxdur və buna görə də Kanadanın yardımına ehtiyac duyulub?
Göründüyü kimi, Avropa İttifaqının və Ermənistanın regionda sabitliyi pozmağa yönəlik fəaliyyəti getdikcə daha təhlükəli xarakter alır. Belə görünür ki, Aİ, xüsusilə də Fransa Ermənistan vasitəsilə hərbi cəhətdən regionda möhkəmlənməyə can atır. Öz məqsədlərinə çatmaq üçün rəsmi Paris Ermənistandan istifadə etməklə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə xələl gətirməyə də xüsusi diqqət edir. Hazırda baş verənlər Fransa üzündən regionda gərgin bir vəziyyətin yarana biləcəyini istisna etmir. Məhz belə bir vaxtda bəlli olub ki, Aİ Ermənistandakı missiyasının müddətini yenidən uzatmaq niyyətindədir. Belə ki, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. "Üzv dövlətlər bu təklifi alqışladılar və hazırda Aİ Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir", - deyə Aİ-nin ali nümayəndəsinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib. Lakin məsələ bununla bitmir. Görünən odur ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Həm də bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır. Məsələ ondadır ki, kəşfiyyat missiyasının hərbi komponentlə genişləndirilməsinin məqsədlərindən biri məhz Türkiyə ilə sərhəddən rus sərhədçilərinin çıxarılması və həm bu istiqamətlərin, həm də ümumilikdə sərhədin Aİ-nin nəzarətinə keçməsidir. Bu, son dövrlərdə Ermənistan hakimiyyətinin atdığı addımlarla uyğun gəlir. Lakin missiyanın əsas məqsədi Rusiyanın 102-ci hərbi bazasını çıxarmaqdır. Aydındır ki, Brüsseldə və İrəvanda hesab ediblər ki, Ermənistanı Rusiya hərbi iştirakından tamamilə azad etmək lazımdır.
Anlaşılan odur ki, missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. Bu məqamda 2023-cü ilin martında Aİ missiyasının rəhbəri Markus Ritterin "Deutsche Welle"yə verdiyi açıqlama yada düşür: "Bizim yalnız binokl və fotoaparatımız var". İndi isə Ermənistanın silahlandırılması prosesi Avropa Sülh Fondu vasitəsilə Avropa hərbi iştirakının artırılması ilə müşayiət olunacaq. Bakı Aİ-nin şübhəli fəaliyyətindən narazılığını dəfələrlə dilə gətirib. Amma qarşı tərəf buna əhəmiyyət verməyib. Vəziyyəti düzgün dəyərləndirən rəsmi Bakı Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonu ilk dəfə Xarici İşlər Nazirliyinə dəvət edərkən də Azərbaycan tərəfinin bəzi narahatlıqlarıni dilə gətirmişdi. Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd addımlar atdığı, missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə verməsinin əksinə olaraq, ölkəmizə qarşı təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu vurğulanmışdı. Bununla yanaşı, rəsmi Bakı Ermənistan ərazisindəki missiyanın bəyan edilmiş mandatına uyğun surətdə neytral, mülki və silahsız missiya qismində fəaliyyət göstərməsinə çağırışlar edib.
Bütün bunlar Ermənistanda revanşist qüvvələrə dəstək verən və işğalçı dövləti yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır. Təəssüf ki, bunun hansı nəticələrə gətirib çıxaracağını Ermənistan hələ də dərk etmək istəmir. Fransa isə Ermənistanı hansı bəlalara sürüklədiyini nəzərə almaq istəmir. İstər 44 günlük müharibə olsun, istərsə də sonrakı illərdə birtərəfli qaydada Ermənistanın yanında duran Fransa anti-Azərbaycan siyasətində Ermənistandan getdikcə daha çox istifadə etməyə çalışır. Buna müvafiq olaraq da Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib. Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərdən biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək.
Sevinc Azadi, “İki sahil”