Bu ölkənin Xarici Kəşfiyyat Xidmətinin 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verməsi bunun bariz göstəricisidir
İnkarolunmaz həqiqətdir ki, etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanda dövlət siyasətinin əsasını təşkil edir. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc siyasətini açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirib. Hayastanda hökm sürən dözümsüzlük ruhu və bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı zaman-zaman ciddi narahatlıq ifadə edilib.
Militarist, irqçi Ermənistan rəsmilərinin Azərbaycana nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialarını səsləndirməklə rəsmi beynəlxalq birliyi aldatmaq, diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən, Ermənistandan vəhşicəsinə qovulmuş 300 minə yaxın azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür.
Ötən əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə soydaşlrımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib. Azərbaycanlılar deportasiyalar zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalıblar. Barbar erməni millətçiləri Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıblar. 1920-ci ildən etibarən sovet Ermənistanının azərbaycanlılara qarşı deportasiya siyasəti “dostluq”, “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilib. 1930-1937-ci illərdə müxtəlif bəhanələrlə, əslində isə milli və dini mənsubiyyətinə görə 50 minə yaxın azərbaycanlı Ermənistanın sərhəd rayonlarından Sibirə və Qazaxıstana sürgün olunub.
İkinci Dünya müharibəsindən sonra totalitar rejimin tüğyan etdiyi, eyni zamanda, “xalqlar dostluğunun” daha ucadan car çəkildiyi vaxtlarda soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi surətdə deportasiyası artıq siyasi qərarlar vasitəsilə həyata keçirilməyə başlamışdır. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 yanvar tarixli 4083 saylı və 1948-ci il 3 oktyabr tarixli 754 saylı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı kütləvi surətdə və zorakılıqla öz tarixi-etnik torpaqlarından sürgün edilib. Adi hüquq normalarına zidd olan həmin qərarların icrası zamanı avtoritar rejimin mövcud repressiya qaydaları geniş tətbiq olunub, minlərlə insan, o cümlədən qocalar, qadınlar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara, mənəvi genosidə dözməyərək həlak olublar.
1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin respublikamıza qərəzli münasibətindən istifadə edən Ermənistan Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları irəli sürməklə yanaşı, azərbaycanlıların yeni deportasiyasına başladı. Həmin il noyabrın 23-dən dekabrın 1-dək Ermənistanın 22 rayonundan 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfər rusdilli əhali silah gücünə öz doğma ocaqlarından qovuldu. Bu zaman 225 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaq və qoca müxtəlif xəsarətlər aldı, on minlərlə ailənin əmlakı talan edildi. 1991-ci ildən sonra isə Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmayıb.
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi, ifrat millətçiliyə və ekstremizmə əsaslanan siyasətini bu ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bir daha sübut edir. Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini “tarixi nailiyyət” kimi təsvir etmişdir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin davamlı və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir.
Hayastanda irqçilik dövlət siyasəti kimi formalaşdrılıb. Faşist ideologiyasının hakim olduğu bu ölkədə irqçi, neonasist siyasət bu gün də davam edir. Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verməsi bunun əyani təsdiqidir. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının məlumatında qeyd olunub ki, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multi-etnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Erməninstanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir. İcma Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayaraq rəsmi İrəvandan Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməyi tələb edir.
Ermənistan soydaşlarımızın öz tarixi torpaqlarına dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmalı, azərbaycanlılara qarşı irqi, etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdən çəkinməlidir. Eyni zamanda, dövlət rəsmilərinin və siyasi xadimlərin azərbaycanlılara və Azərbaycana qarşı nifrət zəminində çıxışlarına son verməlidir.
Zahid Rza, “İki sahil”