ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin əsas biotibbi institutu olan Milli Səhiyyə İnstitutunun (NIH) fəaliyyətini dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Tramp administrasiyası ABŞ-nin həyati əhəmiyyət kəsb edən biotibbi tədqiqat qolu olan Milli Səhiyyə İnstitutunun işini dayandırıb. Qrantların nəzərdən keçirilməsi, səfərlər və işə qəbul qeyri-müəyyən müddətə dondurulub. NIH-in əməliyyatlarında hətta kiçik fasilələr belə, xüsusilə də gənc tədqiqatçılar üçün, ciddi nəticələrə səbəb ola bilər”, - agentlikdən bildirilib.
Qeyd edilib ki, biotibbi tədqiqatlara investisiyalar ABŞ iqtisadiyyatına ciddi xeyir verir. NIH-in məlumatına görə, elmə yatırılan hər 1 dollar 2,46 dollarlıq iqtisadi aktivliyə çevrilir.
NIH ABŞ-də biotibbi tədqiqatlar üçün əsas maliyyə mənbəyidir və 2,5 min institutda 300 mindən çox tədqiqatçıya dəstək olmaq üçün hər il 47 milyard dollardan çox vəsait ayırır. Bu, instituta yeni tibbi texnologiyaların, o cümlədən xərçəng immunoterapiyasının işlənib hazırlanmasında əsas rol oynamağa imkan verir.