26 yanvar 2025 11:00
204

Qlobal inflyasiya ilə mübarizə bitməyib -  Kristalina Georgieva

Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgieva qlobal inflyasiya ilə mübarizə prosesinin hələ başa çatmadığını bildirib.

K.Georgieva İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində təşkil olunan "Qlobal İqtisadi Baxış" adlı sessiyada çıxış edib.

İnflyasiya ilə mübarizənin hələ də davam etməli olduğunu vurğulayan Georgieva, bu sahədə əhəmiyyətli irəliləyiş əldə edildiyini, lakin atılmalı olan addımların hələ də mövcud olduğunu qeyd edib.

Son illərdə hər inflyasiya dövründə faiz dərəcələrinin artırılmasının vacib olduğunu və inflyasiyanın durğunluğa səbəb olaraq azaldığını xatırladan Georgieva, ilk dəfə inflyasiya dövründən çıxışın müsbət iqtisadi artımla müşayiət olunduğunu bildirib.

ABŞ-ın məhsuldarlıq baxımından Avropa İttifaqından (Aİ) xeyli irəlidə olduğunu xatırladan Georgieva, məhsuldarlığın artırılması üçün sahibkarlara müxtəlif imkanların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, Avropa İttifaqında məhsuldarlığın artırılması üçün kapital bazarlarının və daxili bazarın inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Orxan Vahidoğlu, "İki sahil"