Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 7,1 % çoxdur.
"İki sahil" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 1 milyard 592,2 milyon manat təşkil edib. Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.
İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi Fondun aktivlərinə öz töhfəsini verib. Bunun səbəbləri kimi isə ümumilikdə böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.
Eyni zamanda, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunub. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması Fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaradıb. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunub ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olub.
İl ərzində qızıl qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə Fondun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə verib. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur.