1999-cu il iyulun 29-da imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətini ölkəmizdə uğurla davam və inkişaf etdirərək yüksək intellektli, müasir dünyagörüşlü, vətənpərvər ruhlu gənc nəslin yetişdirilməsini təmin etmişdir. Ölkə başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Həmçinin kadr təyinatları zamanı gənclərə böyük üstünlük verilməsi dövlətimizin gənclərə olan etmadının göstəricisidir. Bir sözlə, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. 2020-ci ildə 44 günlük Vətən müharibəmiz də sübut etdi ki, Azərbaycanda gənclər yüksək vətənpərvərlik ruhunda tərbiyə olunublar və torpağa, Vətənə bağlı gənclərdirlər. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdırlar. Həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri də məhz budur.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri