Azərbaycan çiçəkləyən, günü-gündən inkişaf etməkdə olan, müxtəlif sahələrdə uğur qazanan bir dövlətdir. Bu dövlətin inkişafında Azərbaycan gənclərinin də önəmli rolu var. Bu gənclərin uğur əldə edəcəyinə inanan uzaqgörən Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycan Gənclər Gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında dilə gətirdiyi nitqdə Azərbaycan gəncliyinə olan inamı, gənclərin uğurları zamanı hədsiz sevinci bariz hiss olunur. Bir dövlətin sağlam təməli sağlam ruhlu, inkişaf etmiş gənclərin olmasından asılıdır.
Bu baxımdan Ulu Öndər Heydər Əliyev heç bir zaman öz dəstəyini əsirgəməmiş, Azərbaycan gənclərinin inkişaf etməsinə, Azərbaycan dövlətinin müstəqilliyini qoruya bilən gənclərin yetişməsinə, bacarıqlı və istedadlı gənclərə şərait yaradılmasına, milli dəyərlərimizə söykənən və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməyi bacaran gənclərin formalaşmasına təşəbbüs göstərmişdir.
Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclərimizə eyni diqqət, eyni dəyər göstərilməkdədir. Prezident İlham Əliyev intellektual, səriştəli gənclərin inkişaf etməsi, onların ölkəmizin rifahı və inkişafı naminə yetişən aparıcı qüvvələrə çevrilməsi üçün böyük işlər görür. Azərbaycan gənclərinin COP29-da fəal iştirakının, liderlik qabiliyyətlərinin gücləndirilməsinin, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin mühüm rolu var.
Beynəlxalq tədbirlərdə, yarışlarda gənclərimizin həvəslə çıxış etmələri və uğur əldə etmələri dövlətimizin, aparılan siyasətin uğurlu olmasının nəticəsidir. Könüllü gənclərin sayının artması, onların gördüyü işlər, müxtəlif yeni layihələrdə iştirak etmələri cəmiyyətimiz üçün çox önəmlidir. Bizim gənclərimizin müxtəlif sahələrdə fəal olmaları, dövləti üçün zəfər gətirmələri qürurverici haldır. Vətən sevgisi ilə böyüyən gənclərimizin 44 günlük müharibədə də fəal olmaları, öz əzmləri, mərdliyi, cəsarəti ilə dövlətimizə zəfəri gətirmələri ayrıca iftixara layiqdir.
Gülnarə Şirvanlı,
YAP Xətai rayon təşkilatının müavini