Bakı, Azərbaycanın paytaxtı və ən böyük şəhəri kimi, hər il daha da böyüyür və inkişaf edir. Şəhər böyüdükcə, nəqliyyat sistemi də daha çox yük daşıyır. Bakı və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı yalnız şəhər sakinləri üçün deyil, həm də ölkənin iqtisadi və sosial böyüməsi üçün əsas şərtlərdən biridir.
Bakıda nəqliyyat sistemi çoxşaxəlidir və müxtəlif nəqliyyat vasitələrini özündə birləşdirir. Beləki, Bakı metropoliteni şəhərin əsas nəqliyyat vasitələrindən biridir. Son illərdə yeni stansiyaların açılması və vaqonların modernləşdirilməsi ilə metro daha da əlverişli olub. Lakin hələdə bəzi qəsəbələrə qədər metro şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Şəhər daxilində və ətraf ərazilərə geniş yayılan digər nəqliyyat növü avtobus xidmətləridir.Lakin son illərdə mobil tətbiqlər vasitəsilə sifariş edilən taksi xidmətlərinin də geniş yayılması müşahidə olunmaqdadır. Qeyd olunan nəqliyyat xidməti növünün və parkının genişlənməsi Bakıda yeni yolların və körpülərin tikintisi, həmçinin mövcud yolların təmir işlərinin daima nəzarətdə saxlanılması və nəqliyyat axınının yaxşılaşdırılmasına kömək edəcək addımların atılmasını tələb edir.
Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması yalnız rahatlıq deyil, həm də iqtisadi və ekoloji faydalar gətirir. Yaxşı nəqliyyat şəbəkəsi ticarəti, turizmi və investisiyaları artırır. Məsələn, Bakıda keçirilən beynəlxalq tədbirlər üçün nəqliyyatın rahat olması şəhərin imicini yüksəldir və əlavə turist axının yaranmasına səbəb olur. Nəqliyyat vasitələrinin sayının artması ekoloji problemlərə səbəb olsa da ölkə başçısının təşəbbüsü ilə elektrikli nəqliyyat vasitələrinin tətbiqi və ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi bu problemləri azaltmaq üçün atılan vacib addımlardandır. Elektrikli avtobuslar və şəxsi avtomobillər üçün şarj stansiyalarının yaradılması ekoloji tarazlığın qorunmasına kömək etməklə yanaşı bu tip nəqliyyat vasitələrinin istifadəsinin artmasına təkan verməkdədir. Bundan əlavə Bakıda işıqforların intellektual idarəetmə sistemlərinin tətbiqi nəqliyyat axınının optimallaşdırılması, yeni körpülər, tunellər və alternativ marşrut yolların tətbiqi tıxacların azaldılmasına kömək edir.
Heç də təsadüfü deyil ki yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Cənab Prezident çıxışında “biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik” bildirmişdir.
Bakı və onun ətraf ərazilərinin nəqliyyat infrastrukturunun inkişafı yalnız şəhər sakinlərinin rahatlığı üçün deyil, həm də ölkənin iqtisadi və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu sahədə davam edən investisiyalar və innovativ yanaşmalar gələcəkdə daha da müasir və effektiv nəqliyyat sisteminin yaradılmasına şərait yaradacaq.
Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini