Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər ilin bu günü ölkəmizdə xüsusi coşğu ilə qeyd edilir. Ölkəmizdə gənclər forumlarının təşkili onların hərtərəfli inkişafına öz töhfələrini verir. Cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi əlamətdar hadisə və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamı idi. Dövlət başçımızın gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Bu istedadlı gənclərə dövlət qayğısının bariz göstəricisi idi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşan Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq misilsiz şücaət və tayı-bərabəri olmayan qəhrəmanlıqlar göstərdi. Ölkə başçımız 2 fevral 2022-ci il tarixində gənclər günü ilə əlaqədar etdiyi çıxışında qeyd edirdi: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Müasir dövrdə informasiya müharibəsinin ön cəbhəsində Azərbaycan gəncliyi mətin dayanır. Artıq hər birimiz qürur hissi ilə qeyd edirik ki, müxtəlif şəhərlərimizdə və rayonlarımızda gənclər evləri və mərkəzləri səmərəli şəkildə fəaliyyət göstərməkdədir. Yeniliklərə daim açıq olan Azərbaycan gəncliyi Dördüncü Sənaye İnqilabı dövrünün çağırışlarına əzmlə cavab verir. Gənclərimizin rifahına xidmət edən əsas Dövlət Proqramları bu prosesə öz müsbət təsirlərini göstərir və xalqımız tam əmindir ki, Azərbaycan gəncliyi Vətənimizin parlaq gələcəyinə öz layiqli töhfələrini verəcək.
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi