31 yanvar 2025 19:10
86

Azərbaycandan Azərbaycana maneəsiz keçid verilməlidir

“Azərbaycan Avropa ilə Asiya və Şimalla Cənub arasında etibarlı körpüdür. Mühüm geosiyasi məkanda yerləşən ölkəmiz bütün dünyanın diqqət mərkəzindədir. Burada vacib amillərdən biri Azərbaycanın önəmli nəqliyyat qovuşağı funksiyasını yerinə yetirməsidir. Yanvarın 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu mövzu ilə əlaqədar fikirlərini geniş ifadə edib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı müşavirədə Azərbaycanın Şərqlə Qərb, Cənub və Şimal arasında ticarət əlaqələrində tranzit ölkə kimi böyük rol oynadığını diqqətə çatdırıb. Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan, dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  Bu baxımdan bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik olan Türk dövlətlərini birləşdirən bir layihə olduğunu nəzərə alsaq, Azərbaycanın böyükhəcmli ticari-investisiya portfelindən əhəmiyyətli dividentlər əldə edəcəyi şəksizdir. Bu o deməkdir ki, Türk Dövlətləri Orta Dəhlizin potensial imkanlarından böyük valyutalar əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişməkdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Prezident İlham Əliyev müşavirədə Zəngəzur dəhlizindən ətraflı bəhs edib. Cənab Prezidentin dediyi kimi, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir. Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Rəsmi İrəvanın məsələyə yanaşmada konstruktivlik nümayiş etdirməməsi yanlış addımdır.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır. Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açıqlması Ermənistan üçün də faydalıdır. Çünki bu koridor vasitəsilə onlar da iqtisadi divident qazanacaqlar.

“Düşünürəm ki, Ermənistan bu dəhlizi açmağa məcbur qalacaq. Çünki Prezidentimizin dediyi kimi, regionda söz sahibi Azərbaycan dövlətidir. Cənab Prezidentin verdiyi mesajlardan rəsmi İrəvan nəticə çıxarmalıdır”,-deyə deputat vurğulayıb.