03 fevral 2025 13:30
88

Yaşıl enerji sahəsində tərəfdaşlıq sazişi ratifikasiya edilib

Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı MM-in bugünkü plenar iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in müzakirəsi aparılıb.

Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.

Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.

Vurğulanıb ki, saziş qeyri-müəyyən müddətə bağlanıb. Layihə müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.