Ötən illərdə olduğu kimi, bu gün də təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri xəyanət yolundadırlar. Son illər müxtəlif internet kanalları açaraq qarayaxma kampaniyası ilə məşğul olan dağıdıcı müxalifətdə “inkarçılıq hissi” çox yüksəkdir. Onların məqsədləri nəyin bahasına olursa olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu layihələri gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir. İqtidarın atdığı hər bir uğurlu addım radikal müxalifət tərəfindən birmənalı şəkildə səhv hərəkət kimi qiymətləndilir. “Bəs radikal müxalifətin özü nə edir, nə edəcək” sualı isə hər zaman cavabsız qalır. Özlərinin konsepsiyaları barədə bir kəlmə belə danışmırlar. Onlar nə öz platformalarını açıqlayır, nə də ki, iqtidarın siyasətinə alternativ təkliflər irəli sürürlər. Bu isə onların çürük psixologiyasından, gələcəklə bağlı heç bir siyasi, iqtisadi, sosial konsepsiyalarının olmamasından xəbər verir. Sadəcə onlar hakimiyyəti boş-boşuna tənqid etməklə və anti-Azərbaycan dairələrin tezislərini təkrarlamaqla məşğuldurlar.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının əbədi olaraq Ermənistana verilməsinin tərəfdarı olan ATƏT, Avropa İttifaqı, Fransa, ABŞ artıq gedən qatarın arxasınca baxaraq yenidən fəallaşıblar. Eyni mənbədən idarə olunan anti-Azərbaycan dairələr bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı birlikdə ideoloji, informasiya hücumuna keçiblər. Erməni vandalızmini görməzdən gələn milli xəyanətkarlarımızın uzun illərdir lal olan dilləri açılıb. Bu ünsürlər qrant xatirinə vicdanlarını sataraq, vətəndaşlıq məsuliyyətlərini unudaraq ermənilərlə, onların havadarları ilə yaxınlıq edirlər. Onlar ölkəmizə qarşı düşmən mövqeyi tutan USAİD, NED, Marşal Fondu, İREX kimi digər təşkilatlara xidmət göstərirlər.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin hər bir uğuruna düşmən mövqeyindən baxmaq radikal müxalifət üçün artıq xroniki xəstəlik halını alıb. Xankəndidə , Şuşada, Laçında … demək olar ki, sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız hər birimizi qürurlandırdı. Dostlarımız Qələbəmizə sevindilər, yanımızda oldular. Ancaq « xarici ağalarına» boyun əyən daxili satqınlarımız da onlara xoş gəlsin, dilənçi paylarını kəsməsinlər deyə başlarına qara bağladılar. Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması bütün dünyada Azərbaycanın qüdrətinin göstəricisi kimi etiraf edilsə də ağalarının itaətində olan milli satqınlarımızın Şuşa, Xankəndi tərəfə baxmağa belə iqtidarları çatmadı.
K.Bayramov əlavə edib ki, bu marginal zümrənin sosial şəbəkələrdəki çıxışlarındakı notların eyniliyi, isterika və primitivlik, səsləndirdikləri əsassız iddiaların üslubu, ifadə tərzi onların Qərbdəki ağalarından aldıqları tapşırıqları canla-başla yerinə yetirdiklərini bir daha təsdiq edir. Bütün bunlar kənardan kifayət qədər açıq-aşkar görünür. Buna görə də bütün etik-mənəvi dəyərləri tapdalayaraq ölkəsinə, dövlətinə, dövlətçiliyinə şər-böhtan, təhqir yağdıran bu xəyanətkar autsayderlər cəmiyyətimizin etirazı və ictimai qınağı ilə üz-üzə qalıblar. Onların yalan və iftiralarına özlərindən başqa inanan yoxdur. Dövlət başçımızın Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın gündən-günə daha geniş vüsət alması həm ermənilərə, həm bütün xarici düşmənlərə, həm də daxili antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır.