"Azərbaycanla Ukrayna arasında mövcud əlaqələr ticarət, energetika, infrastruktur, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etmək üçün geniş potensiala malikdir".
“İki sahil” xəbər verir ki, bunu Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə həsr olunan tədbirdə Ukrayna səfiri Yuri Husyev bildirib.
O deyib ki, ötən müddətdə daha da güclənən münasibətlərimiz möhkəm etimad, suverenlik və müstəqilik hüququna hörmət prinsiplərinə əsaslanır.
Səfir həmçinin son olaraq ölkəsinə göstərilən 1 milyon dollar həcmində humanitar dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.
Diplomatın sözlərinə görə, hazırda ölkələrimizin iqtisadi-ticari əlaqələri yeni mərhələyə qədəm qoyub.
Yuri Husyev xüsusilə Ukraynanın regionda xüsusilə Orta dəhlizin inkişafında maraqlı olduğunu qeyd edib.
Diplomat həmçinin ölkəmizin Ukraynadakı humanitar minatəmizləmə əməliyyatlarında uğurla iştirak etdiyinə toxunub: "Biz Orta dəhliz marşrutu üzrə Qafqaz regionu ilə nəqliyyat əlaqələrinin inkişafında maraqlıyıq. Ölkəmiz Azərbaycanın xüsusilə də bizim enerji sektorunun dayanıqlığının təmin edilməsi, habelə Ukrayna ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycan həmçinin ölkəmizdə müharibədən əziyyət çəkən uşaqların reabilitasiyası üzrə mühüm işlər görüb. Onu da qeyd etmək istəyirəm ki, xeyli sayda azərbaycanlı Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçib. Onların hər birinin adı Ukraynanın Azərbaycandakı səfirliyinin binasında həkk olunub".
Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Gəray Muradov ölkələrimiz arasında əlaqələrin Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə möhkəm təməllər üzərində qurulduğunu qeyd edib.
Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna Dostluq Qrupunun rəhbəri Əlibala Məhərrəmzadə əlaqələrimizin daha da güclənəcəyinə inam ifadə edib.
Ali Radadakı Ukrayna-Azərbaycan Dostluq Qrupunun rəhbəri Vladimir Kraydenko iki ölkənin çoxşaxəli əməkdaşlıq və dostlunu yüksək qiymətləndirdiyini deyib: "Bizim bu strareji münasibətlərin daha da irəlilədilməsi üçün son dərəcə geniş və əhatəli potensialımız var. Mövcud imkanlardan istifadə etməklə, əməkdaşlığımızın daha da yüksək səviyyələrə çıxarılmasında maraqlıyıq".