07 fevral 2025 01:26
85

İraqda yaşı 1,5 milyon ilə qədər olan artefaktlar aşkar olunub

Brüssel Müstəqil Universitetinin (VUB) belçikalı alimləri İraqın Qərb səhrasında apardıqları ekspedisiyanın nəticələrini yekunlaşdırıblar. İş zamanı qrup 1,5 milyon ilə qədər yaşı olduğu təxmin edilən daş alətlər tapıb. Bu kəşf barədə elmi qurumun rəsmi saytında məlumat verilib.

Arxeoloqlar Əş-Şəbəkə bölgəsindəki ərazini tədqiq ediblər. Tədqiqat kampaniyasının diqqət mərkəzində qədimdə mövcud olub sonradan qurumuş çay yataqlarının landşaftının kəsişdiyi, hazırda tamamilə qurumuş böyük bir gölün olduğu bir sahə olub.

Tədqiqatçılar Erkən və Orta Paleolit ​​dövrünə aid yeddi daş dövrü yaşayış məskəni aşkar ediblər.

Onların ərazisinin səth qatında 850-dən çox artefakt, o cümlədən Erkən Paleolit ​​dövrünə aid əl baltaları (1,5 milyon il əvvəl) və Levallua lopaları (300-40 min il əvvəl) aşkar edilmişdir. Sonuncular dəqiq iş üçün istifadə olunan nazik daş plitələrdir.

"Bu tapıntılar bizə qədim insanların landşaftdan necə istifadə etdiyini və iqlim dəyişikliyinə necə uyğunlaşdıqlarını anlamağa kömək edir", - ekspedisiya rəhbəri Ella Eqberts izah edib.

Nubar Süleymanova, “İki sahil”