Növbədənkənar prezident seçkiləri həm də Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu. Hansı ki, bu hesabatın hər bir səhifəsi qürurverici nailiyyətlərlə zəngindir. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.
Növbədənkənar seçkilərində xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyev siyasi kursuna növbəti dəfə etimad göstərdi. Çünki bu siyasi kurs güclü Azərbaycan, qüdrətli dövlətçilik və qalib xalq deməkdir.
Seçkilərdəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan əsas vəzifələrin nədən ibarət olduğunu diqqətə çatdırdı. Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da gücləndirilməsi, sərhədlərimizin etibarlı müdafiəsinin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi, bərpaolunan enerjiyə keçid, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi yeni dövr üçün Azərbaycanın prioritetləridir.
Ötən bir ildə respublikamızın əldə etdiyi möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin uğurlara yerinə yetirildiyini göstərir. Bu dövrdə Rusiya sülhməramlılarının ərazilərimizdən çıxması, Qazaxın işğal altında olan 4 kəndinin azad edilməsi, Ermənistanla sərhədlərin delimitasiyasına başlanılması, Bakıda COP29-un keçirilməsi, Azərbaycanın D-8 təşkilatına daxil olması Prezident İlham Əliyevin ötən bir illik fəaliyyətinin mühüm göstəriciləridir.
Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda və şərəfli missiyanın həyata keçirilməsində cənab İlham Əliyevə uğurlar arzu edirik.
Səbinə Salmanova,
Milli Məclisin deputatı