07 fevral 2025 23:57
74

Vətən müharibəsinin qəhrəman şəhidi

Lerik rayonun Orand kəndində dünyaya göz açan Natiq Balamirzə oğlu  Mirhüseynov 44 günlük haqq savaşımızda özünü Vətənə fəda etməklə əbədi bir ulduzlu həyat qazandı. Özü cismən aramızda olmasa da, təkcə adı çəkiləndə  bütün Azərbaycan  onunla fəxr edir.  Bütöv bir xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Natiqin keçdiyi qısa, olduqca şərəfli həyat  yolu qərinələr boyunca gələcək nəsillərə də örnək olacaqdır...

Doğma Azərbaycanının daşına, hər qarış torpağına ürəkdən bağlanan  Natiq Balamirzə oğlu həqiqi xidmət zamanı onu göz bəbəyi kimi qoruyur, əsgəri borcunu ləyaqətlə yerinə yetirir. Bundan sonra da,  canına yağı dadanmış  Vətənin  taleyi onu narahat edir. Nəticədə yenidən ordu sıralarına üz tutmalı olur. Hərbi  Polis sıralarında  gizir rütbəsində xidmət etməklə bərabər, yağıdan qisas alacağı günü gözləyir.  Nəhayət,  Natiq istəyinə çatır.  2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ  müharibəsinin ilk günündən  30 il düşmənə əsir olan Vətən torpaqlarının azad olunması uğrunda  savaşa girir.  Və  Vətən, torpaq sevgisi onu atıldığı döyüşlərdən  zəfərlə çıxardır.  Cəbrayıl, Füzuli və Xocavənd rayonlarda  xüsusi rəşadət göstərməklə  düşmənə ürəyincə  qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. 44 gün müharibə meydanında yağıya qarşı vuruşmaqla   ən böyük arzusuna çatır. Düşmən məğlub olub, noyabrın  8-də üçrəngli qələbə bayrağımız Şuşada dalğalanır. Təəssüf ki, qəhrəman döyüşçü  Vətən müharibəsindən sonra 2021-ci il yanvarın 30-da işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən qəfil atılan xain gülləsinə tuş gəlir və Vətən eşqli qəlbi əbədi dayanır.  Milyonların ürəyinə köçən igid dağlar  qartalı   gizir Natiq Balamirzə oğlu  dövlət tərəfindən  "Azərbaycan Bayrağı" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda" və digər  medallara layiq görülür.

Leriklilər  Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük haqq savaşımızın  ölümsüzlüyə qovuşan qəhrəmanların  xatirəsini hər zaman əziz tuturlar.   Natiq Balamirzə oğlu da belə.  Anım günündə  rayon rəsmiləri,   ictimaiyyət nümayəndələri,  şəhidin ailə üzvləri, müharibə iştirakçıları, məktəblilər  qəhrəman Vətən sevdalısına ehtiram əlaməti olaraq   məzarını ziyarət edib ,önünə gül çiçək dəstələri düzdülər.  Həmçinin onu da bildirdilər ki,  Natiq öz halal torpağı və Vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Bəşər övladı üçün bu böyük  şərəf  və qürurdur.  Çünki  şəhid adını qazananlar heç zaman ölmürlər. Onlar vətənləşib əbədi bir ömür yaşayırlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü