07 fevral 2025 23:13
114

Xarabalıqlar üzərində ucalan şəhər…

Ağdam yenidən tikilir, qurulur, bərpa edilir

Erməni daşnaklarının gözlərinə ox kimi sancılmış Ağdam düşmən qarşısında qalaya çevrilmişdi. Ermənilər ağdamlılardan qisas almaq üçün qovrulurdular. Nəhayət, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov bu şəraiti  onlara yaratdı. Erməni qoşunlarının iri qüvvələrlə şiddətli hücumu, xarici casusların və daxili düşmənlərin satqınlığı nəticəsində Ağdam alındı və darmadağın edildi. Dağıntının miqyasına görə  oraya “Azərbaycanın Xirosiması”, “Ruhlar şəhəri” də deyirdilər. Buranı görən xarici ölkələrin diplomatları, jurnalistləri və  ictimaiyyətin nümayəndələri dəhşətə gəlmişdilər. İkinci Dünya müharibəsindən bu yana bəşəriyyət belə vandallıq görməmişdi.

Otuz ilə yaxın davam edən işğal dövründə tamamilə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur. Bu yazıda rayonun üç kəndində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərindən bəhs edəcəyik.

Sarıcalıda 203, Kəngərlidə 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi tikilib.  Hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, klublar, Bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, ailə sağlamlıq mərkəzləri, emalatxanalar və digər iaşə obyektləri də tikilir. Həmin 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.

Kəngərli kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərdə Günəş panellərinin, həyətyanı sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb. Eyni zamanda, kanalizasiya və rabitə quyularının, kabellərin quraşdırılması işləri də görülür. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası isə 120 yerlik olacaq. Bazar kompleksi və tibb məntəqəsində də dəmir-beton işləri yekunlaşıb.

Sarıcalı kəndində həyətyanı landşaft işləri yerinə yetiriləcək. Məktəb və bağçanın inşasında dəmir-beton hörgü və bəzək işləri davam edir. Kənddə inşa edilməkdə olan ikimərtəbəli məktəb 360 şagird yerlik, ikimərtəbəli uşaq bağçası isə 100 yerlikdir. Bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə su xəttinin çəkilişi yekunlaşıb. Qaz və kanalizasiya xətlərinin çəkilməsi işləri davam edir. Evlərə çıxış xətlərinin, kabellərin quraşdırılması və rabitə quyularının quraşdırılması işləri bitmək üzrədir.

Xıdırlı kəndində inşa edilən fərdi yaşayış evlərində son tamamlama işləri davam edir. 528 yerlik məktəb binası açılışa hazırlanır. Bu məktəb qardaş Qırğızıstan Respublikasının dəstəyi ilə inşa edilir. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Həmçinin Xıdırlıda da 120 yerlik uşaq bağçası inşa edilir. Klub, məişət xidmət obyektinin inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi, ev birləşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və yağış suları kanalizasiyasının tikintisi,  kabellərin çəkilməsi və rabitə quyularının quraşdırılması işləri də yerinə yetirilib.

Xıdırlı kəndinin tikintisi artıq yekunlaşmaq üzrədir. Kənddə inşa edilən 719 fərdi evin bir qismində işlər tam bitib, digərlərində son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik dirəklərindən istifadə olunmayıb, bütün xətlər yeraltı çəkilib. Evlər inşa olunarkən yüksək keyfiyyətli materiallardan, istilik izolyasiyasından istifadə edilib. Bir sözlə, bu  kəndlər şəhər tipli qəsəbələr şəklində salınıb. Bir zaman çadır şəhərciklərində, uyğunlaşdırılmış qəzalı binalarda, uşaq bağçalarında minbir əzab-əziyyətə qatlaşmış ağdamlılar nəhayət, layiqli həyat şəraitində yaşayacaqlar. Onlara əzab-əziyyət yaşatmış, yaxınlarının və əzizlərinin qanını axıtmış vandal qatillər isə bu gün Bakıda mühakimə olunurlar. Layiq olduqları cəzaları hökmən alacaqlar.

Vəli İlyasov, “İki sahil”