Faktları tərsinə yozmaqda mahir olan Rusiya rəsmilərindən və heç bir əxlaq norması tanımayan Kremlin quduz təbliğatçılarından bundan da betər həyasızlıq gözləmək olar
Xəbər verildiyi kimi, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlanıb. İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, daha dəqiq desək, Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hesabatda göstərilir ki, təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Bu zaman təyyarənin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar edilib və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barədə məlumat təqdim edilib.
İlkin hesabatda AZAL-ın təyyarəsinin- Rusiya tərəfinin faciədən dərhal sonra iddia etdiyi- quş sürüsü ilə toqquşmasına işarə edən hər hansı fakt barədə məlumat təqdim olunmayıb. Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin fotoşəkilləri ilkin hesabatın mətnində ictimaiyyətə təqdim edilib.
Hesabatda, həmçinin bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” (xalça-hava limanının təyyarələr üçün bağlanması-red.) əməliyyatı barədə Qoznıya məlumat verib. Onu da xüsusi vurğulamaq gərəkdir ki, hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Göründüyü kimi, hesabatda hər kəsin, o cümlədən bütün məsələlərdə “!Ağanəzərəm, belə gəzərəm” prinsipi ilə hərəkət edən Rusiya tərəfinin də başa düşəcəyi dildə açıq-aydın qeyd olunub ki, Azərbaycanın sərnişin təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb Ardıcıl surətdə açılan bir neçə atəş nəticəsində təyyarənin əsas idarəetmə sistemləri saat 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə yuxarıda vurğuladığımız kimi, “Ковер” əməliyyatı barədə Qoznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Bu daşdan keçən fakt bir daha sübut edir ki, Azərbaycan tərəfinin və təyyarənin ekipajının “Ковер” əməliyyatından xəbəri ola bilməzdi. Bir mühüm məqamın altını xüsusi cızaq ki, burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
Kimsə artıq hamıya bəlli olan bu faktları sadalamaqla təkrarçılığa yol verdiyimizi düşünməsin. İlkin hesabatın əsas müddəalarını bir daha xatırlatmaqda əsas məqsədimiz bu sənədin açıqlamısından dərhal sonra Rusiya tərəfinin baş vermiş faciəyə görə daşıdığı məsuliyyətdən yaxa qurtarmaq üçün rəsmi instansiyaların və Kremlin həyasızlıqda ad çıxarmış quduz təbliğatçılarının dili ilə uydurdugu yalanları ifşa edən real faktları ortaya qoymaqdır. Beləliklə, gözləmək olardı ki, bütün bunlardan, yəni Qazaxıstanın hökumət komissiyasının ilkin hesabatında yer alan daşdan keçən faktlar açıqladıqdan sonra Rusiya tərəfi nəhayət, cinayətini (bəli, CİNAYƏTİNİ!) etiraf edəcək. Eyni zamanda, Azərbaycan dövlətindən və xalqından faciənin ilk günlərində olduğu kimi alayarımçıq, mücərrəd şəkildə yox, dövlətlərarası münasibətlərdə təsbit olunmuş qaydada, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun rəsmən üzr istəyəcək, cinayətkarların aşkar edilib cəzalandırılacağına, qəza zamanı həlak olmuş ekipaj üzvlərinin və sərnişinlərin ailələrinə kompensasiya ödəyəcəyinə təminat verəcək. Bəs biz bunun əvəzində nə gördük? Onu gördük ki, Qazaxıstan hökumətinin yaratdığı istintaq komissiyasının ilkin hesabatı açıqlanandan dərhal sonra “Rosaviasiya” yüzdə yüz rəsmi Moskvanın mövqeyini əks etdirən əcaib bir bəyanat yaydı. Bildirdi ki, bəs deməzsən “Qazaxıstanın hesabatı AZAL təyyarəsinin qəzaya uğramasının səbəbini izah etmir.” (?!) Adamdan (təbii ki, adam cildinə girmiş şeytandan yox, adamdan!) soruşmaq gərəkdir ki, bəs təyyarənin qəzaya uğramasının səbəbini nə izah edir? Bəlkə sizin faciədən dərhal sonra uğdurduğunuz təyyarənin quş sürüsü ilə toqquşması? Bəlkə ikinci bir absurd uydurmanız- hava gəmisində oksigen balonunun partlaması? Bəlkə pilotların Qroznının imtinasından sonra yaxınlıqdakı Mahaçkala və Mineralnı Vodı aeroportlarında enişə icazə verilməsi ilə bağlı dəfələrlə acizanə xahişlərinin həmin hava limanlarının səlahiyyət sahibləri tərəfindən rədd edilməsi?.. İstəsəniz sizin absurd iddialarınızı alt-üst edən bu tip sualların sayını artıra da bilərik.
Bax, bu yerdə yaxşı deyiblər ki, “sən saydığını say, gör fələk (oxu: faktları tərsinə yozmaqda mahir olan Rusiya rəsmiləri və Kremlin heç bir əxlaq norması tanımayan quduz təbliğatçıları) nə sayır.” Ümumiyyətlə, “Rosaviasiya”nın bu absurd bəyanatından sonra kimi inandırmaq olar ki, Qazaxıstan istintaq komissiyasının rəsmi qaydada tam təsdiqlənmiş, yəni, hava gəmisinin Rusiya səmasında kənar müdaxiləyə məruz qalması barədə yekun hesabatı açıqlanandan sonra “Şimal ayısı”nın baş aviasiya qurumu və onun züytutanları- Kremlin quduz təbliğatçıları xislətlərinə uyğun “təyyarəni ekipaj üzvlərinin özləri Rusiyanın Suriyadakı hərbi bazasından (raket məhz oradan gətirilib) qaçaqmalçılıq yolu ilə əldə etdikləri "Pantsir-SI" hava hücumundan müdafiə sistemi ilə vurublar” kimi absurd iddia irəli sürməyəcəklər. Kimsə buna təminat verə bilərmi? Yaxşı, gəlin bu ehtimalı kənara qoyub bir anlığa fərz edək ki, Rusiya tərəfi “Qazaxıstanın hesabatı AZAL-ın təyyarəsinin qəzaya uğramasnının səbəbini izah etmir” iddiasında haqlıdır. Belə olan halda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı açılan cinayət işi çərçivəsində Rusiya hüquq-mühafizə orqanlarının özlərinin apardıqları istintaqın gəldiyi nəticəni necə ört-basdır edəcəklər? “Caliber”in mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, məhz sözügedən istintaq nəticəsində təsdiqlənib ki, AZAL-ın sərnişin təyyarəsi Suriya ərazisindən Rusiyaya gətirilmiş "Pantsir-S1" hava hücumundan müdafiə sistemi ilə vurulub. Rusiya istintaqı yalnız mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verən səlahiyyət sahibini də müəyyən edib. Üstəlik, "Caliber"ə artıq həmin şəxslərin adları, rütbələri də məlumdur və bu məlumatlar lazım olan anda oxucularla paylaşılacaq.
Göründüyü kimi, Azərbaycan tərəfinə AZAL-ın mülki təyyarəsinin Rusiyanın barbar hücumuna məruz qalmasının, nəticədə qəhrəman pilotlarımız və təyyarə bələdçimiz də daxil olmaqla 38 nəfərin həlak olmasına, 29 nəfərin yaralanmasına gətirib çıxaran faciənin başvermə səbəblərinin bütün təfərrüatları məlumdur. Heç də təsadüfi deyil ki, hələ Qazaxıstan hökumətinin ilkin hesabatının açıqlanmasından xeyli əvvəl-yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bununla bağlı bildirmişdi: “Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.”
Bax, belə! Dövlətimizin başçsının bu qətiyyətli fikirləri bir daha sübut edir ki, Qazaxıstan istintaq komissiyasının ilkin hesabatının açıqlanmasından hələ xeyli əvvəl baş vermiş qəzada Rusiya izinin olması bütün detalları ilə Azərbaycan rəhbərliyinə məlum idi. Amma Rusiya tərəfi başqa cür düşünürdü. Hesab edirdi ki, necə deyərlər, artıq “cidanı çuvalda gizlədə bilib.” Yəni, əsl həqiqəti məxfi saxlamaq, Kremlin quduz təbliğatçıları vasitəsilə prosesi əks istiqamətə yönəltməklə məsuliyyətdən yaxa qurtaracaq. Başqa sözlə, Rusiya nümayəndələri “başını quma soxub özünü tam gizlətdiyini düşünən, quyruğunun bayırda qalmasınadan xəbərsiz dəvəquşu” kimi elə zənn edirdilər ki, apardıqları istintaqın nəticələrindən özlərindən başqa heç kimin xəbəri olmayacaq. Ara sakitləşəndən sonra isə bu faktlardan hakimiyyətdaxili “razborka”larında istifadə edəcəklər. Amma, göründüyü kimi, yanılmışdılar. Özü də elə-belə yox, əməlli-başlı yanılmışdılar!
Artıq gün kimi aydındır ki, rəsmi Moskvanın AZAL təyyarəsinin dəhşətli qəzada həlak olan qəhrəman ekipaj üzvlərinin və göyərtəsində uşaq, qadın, yaşlı insanların olduğu onlarla sərnişinin qanı üzərində qurduğu alçaq plan iflasa uğramaqdadır. Bununla bağlı "Caliber"in materialında bildirilir: "Hələlik biz Kremlin rəsmilərinə müraciət edirik: əmin olun ki, biz artıq faciədə birbaşa təqsirkar olan hərbçilərin adlarını və rütbələrini bilirik. Təbii ki, siz həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz və bununla faktiki olaraq cinayətin iştirakçısı olursunuz. Yaxud prosesi uzatmadan şərəfli şəkildə davranaraq faciəyə görə məsuliyyəti qəbul edə bilərsiniz. Çünki indiki davranışınız şərəfsiz, mənasız və açıq-aşkar utancvericidir. Biz başqalarını günahlandırmaq istəklərinizi, Malayziya "Boeing"i və ya Cənubi Koreya təyyarəsi ilə bağlı çoxsaylı alternativ versiyalar yaratmaq cəhdlərinizi başa düşürük. Ancaq Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt belə hərəkət etməyib...
...İndi isə sual yaranır: Azərbaycan-Rusiya münasibətləri bundan sonra necə olacaq? İnformasiya mənbələrinin bizə bildirdiyinə görə, əgər Rusiya bu işi ört-basdır etməyə və istintaq nəticələrini açıqlamamağa çalışsa, Azərbaycan beynəlxalq hüquq instansiyalarına müraciət edəcək. Həmçinin məsuliyyətin etiraf edilməməsi və bununla bağlı bütün nəticələr Azərbaycan-Rusiya münasibətlərində dönüş nöqtəsi olacaq. Onsuz da az sayda dost dövlətləri qalan Rusiya tezliklə Azərbaycan kimi bir dövləti də itirmək riski ilə üz-üzədir. Üstəlik, son hadisələr fonunda Azərbaycanın əhalisi arasında Rusiyanın onsuz da aşağı olan nüfuzu daha da pisləşib."
Bu xəbərdarçlıq Rusiya tərəfinə nəsə deyirmi? Şübhəsiz, deyir. Rusiyanın azsaylı dostlarının da sıralarının sürətlə seyrəlməsində qonşu ölkənin şər, böhtan, başqalarına çamur atmaq prinsipləri üzərində qurulmuş təbliğat maşınının “xidmətləri” ölçüyəgəlməzdir. Yeri gəlmişkən, son günlər, xüsusilə uzun illər Bakıda casus yuvası kimi fəaliyyət göstərdiyi aşkarlanan üzdəniraq “Rus evi”nin qapadılmasından sonra Rusiya telekanallarında anti-Azərbaycan kampaniyası yeni vüsət alıb. Hər kəs bilir ki, bu iyrənc kampaniyanın tezisləri Kremldə hazırlanıb telekanallara ötürülür. Ümumiyyətlə, sutkanın 24 saatı ərzində dayanmadan bütün sivil dünyaya, o cümlədən sivil dünyanın bir parçası olan Azərbaycana qarşı şər, böhtan, nifrət püskürən, bu prosesdə heç bir əxlaq norması tanımayan Kremlin simasız və quduz təbliğatçılarının rəsmi Moskvanın direktivləri əsasında fəaliyyət göstərmələrinə heç bir şübhə yoxdur. Buna əyani sübut kimi bu günlərdə “Rossiya 1” televiziyasının aparıcısı, Kremlin ən simasız və quduz təbliğatçılarından biri, sifəti daşlaşmış Olqa Skabeyevanın aparıcısı olduğu “60 dəqiqə” tok-şousunda yaşanan qalmaqalı misal göstərmək olar. Veriliş zamanı həmin bu Olqa Skabeyeva ilə politoloq Dmitri Abzalov arasında az qala əlbəyaxa dava səviyyəsinə çatacaq ciddi mübahisə yaranıb.
Politoloq Dmitri Abzalov “Reuters” agentliyinin məlumatlarına istinad edərək deyib ki, Rusiya ilə ABŞ prezidentləri arasında Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində görüş gözlənilir. Həmçinin qeyd edib ki, Kursk vilayətində Rusiya tərəfində döyüşən Şimali Koreya qoşunları böyük itkilər verdikləri üçün geri çəkiliblər və oradan çıxarılıblar: ”Onlar qırılıb qurtarıblar, onların yeni partiyası ay ərzində gələcək.” Bu bəyanat Skabeyevanı necə cin atına mindiribsə, deyilənə görə, sifəti başqa xalqlara nifrətdən donub daşlaşmış (heç bir insan övladı indiyədək onun sifətində təbəssüm gördüyünü deyə bilməz) aparıcı hələ də o atdan düşə bilmir. Axı, niyə də politoloqun reallığı əks etdirən açmıqlaması onu cin atına mindirməyəydi? Məgər artıq bütün dünyanın bildiyi, rəsmi Kremlin isə cidd-cəhdlə inkar etdiyi “Şimali Koreya hərbçilərinin Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşməsi” faktını Rusiya telekanalının efirindən, özü də Skabeyevanın verilişində aqıq-aydın mətnlə bəyan etməkmi olardı? Bunun üçün qurd ürəyi nədir, gərək şir ürəyi yeyəydin! Bundan sonrakı proses göstərdi ki, Abzalov həqiqətən də şir ürəyi yeyib...
Nə isə, mətləbdən uzaqlaşmayaq. Hirsindən, hikkəsindən, necə deyərlər, dəmir gəmirən xanım aparıcı israrla siyasi ekspertdən Kreml üçün əlverişli olmayan məsələləri səsləndirməməyi, yalnız Müdafiə Nazirliyinin və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun rəsmi açıqlamalarına istinad etməyi tələb edib. Elə bilirsiniz bu israrlı tələbdən sonra Abzalov geri çəkilib? Əsla yox. Əksinə o, rəsmi orqanların, eləcə də Peskovun açıqlamalarını şübhə altına alıb. Həmçinin Skabeyevaya xatırladıb ki, sizin də sıralarında olduğunuz rəsmi təbliğatın özü tez-tez özünə sərf edən hallarda Qərb mətbuatına istinad edir.
Hörmətli oxucular, indi siz deyin görək bu cavabdan sonra həmin günədək efirinə dəvət etdiyi politoloqların, ekspertlərin bir sözünü iki eləmədiyi biçarə Skabeyeva mindiyi cin adından necə düşsün? Sual oluna bilər: Mövzu AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri olduğu halda bu epizodu xatırlatmağa lüzum var idimi? Cavab veririk: bəli, var idi. Ən azı o səbəbdən ki, Rusiya telekanallarında sutkanın 24 saatında Azərbaycan da daxil olmaqla sivil dünyaya qarşı şər, böhtan, nifrət, kin-küdurət püskürən “vətənpərvər təbliğatçılar”ın dillərindən qopan hər bir kəlmədə Kremlin direktivlərinə əsaslanmalarını sübut edən bu epizoddan tutarlı nümunə ola bilməz. Bu qədər sadə...
Əhməd Qurbanoğlu, “İki sahil”