11 fevral 2025 09:28
101

ABŞ dövlət katibi ilə Misirin XİN başçısı Qəzzanı müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti bazar ertəsi Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlama yayıb.

Bryusun sözlərinə görə, Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. Dövlət katibi, həmçinin vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatı bir daha heç vaxt Qəzzanı idarə edə bilməyəcək və İsraili təhdid edə bilməyəcək.

İki ölkənin xarici işlər nazirləri, həmçinin Suriyadakı inkişaflar, o cümlədən inklüziv idarəetmə ehtiyacı və ölkənin terrorçular üçün tramplin kimi istifadə edilməsinin və ya qonşularını təhdid etməsinin qarşısının alınması barədə danışıblar. Rubio və Abdel Atti sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.

Misirin xarici işlər naziri bazar ertəsi Rubio ilə görüşünün əvvəlində bildirib ki, Yaxın Şərqdə sülh əldə edilə bilər, lakin bu, fələstinlilərin qanuni hüquqlarını, xüsusən də öz dövlətlərini qurmaq hüquqlarını təmin edən şərtlər əsasında olmalıdır.

ABŞ prezidenti Donald Tramp ötən gün bildirib ki, ərəb dövlətləri Fələstin anklavının köçürülməsi halında Qəzza sakinlərini qəbul etməkdən imtina edərsə, Vaşinqton Misir və İordaniyaya yardımı kəsə bilər. O, həmçinin İordaniya və digər ərəb ölkələrinin Qəzza zolağından fələstinliləri qəbul etməkdən imtina etməyəcəyinə əminliyini ifadə edib.

İordaniya kralı II Abdullahın çərşənbə axşamı Tramp tərəfindən Ağ Evdə qəbul edilməsi planlaşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”