Söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə edən, amma qərəzli və sifarişli materiallar hazırlayan "Azadlıq radiosu"nun (Radio Free Europe/Radio Liberty) və "Amerikanın səsi”nin (Voice of America) fəaliyyətindən çoxumuz xəbərdarıq. Onların 44 günlük Vətən müharibəsi dövründə, eləcə də 23 saatlıq lokal antiterror tədbirləri zamanı haqq işi uğrunda mübarizə aparan rəsmi Bakıya qarşı ittiahamlar yağdırmalarını, həmçinin Qarabağın erməni sakinlərinin “problem”lərini gündəmdə saxlamaqla, daha doğrusu, insan haqlarının müdafiəsi adı altında “səlib yürüşləri” təşkil etmələrini də unutmamışıq.
Hətta “Azadlıq radiosu” korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham olunan, bu əməllərinə görə 11 il müddətinə azadlıqdan məhrum edilən, erməni əsilli həyat yoldaşı Haykanuşun - Nadine Menendesin (Arslanyanın) “məsləhət”ləri ilə oturub-duran erməni lobbisinin əsas simalarından biri, keçmiş amerikalı senator Bob Menendesin ittiham işinə bircə dəfə də olsun toxunmayıb. Amma türkofob, anti-Azərbaycan fəaliyyəti ilə seçilən Menendesin Türkiyənin, Azərbaycanın əleyhinə olan fikirlərini, həmçinin “erməni soyqırımı”nı tanımaq çağırışlarını bəh-bəhlə tirajlayıb.
Halbuki, hər bir media qurumu dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə, həmçinin insan hüquqlarına hörmətlə yanaşmalıdır. Yeri gəlmişkən, onlar otuz il ərzində Azərbaycanın suverenliyinin pozulmasını, bir milyondan çox insanın qaçqın və məcburi köçkün düşməsini açıq şəkildə dünyaya təqdim etməyiblər. Şübhəsiz, bu da birmənalı şəkildə onların sifarişlər əsasında fəaliyyət göstərdiklərindən xəbər verir.
Prezident İlham Əliyev ötən ilin dekabr ayında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bu məsələdən söz açarkən demişdi ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar.
Bu günlərdə keçmiş SSRİ-nin dağılmasında siyasi-təbliğat vasitəsi və alternativ informasiya mənbəyi kimi əvəzsiz rol oynamış, hazırda ABŞ-ın da maraqlarına cavab verməyən, bütün əndazələri aşan “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı təklif gündəmə gəlib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, Prezident Donald Trampın ən yaxın adamlarından sayılan məşhur iş adamı, İlon Mask ABŞ Milli kəşfiyyatının keçmiş direktoru Rik Qrenellinin bu təklifini dəstəkləyib. “Artıq heç kim onlara qulaq asmır” deyən Mask bildirib ki, radikal, ağılsız solçular amerikalı vergi ödəyicilərinin bir milyard dollarını yandırmaq üçün öz aralarında danışırlar: “Bəli, onları bağlayın”.
Yeri gəlmişkən qeyd edək ki, bu qurumlar bir sıra ölkələrə, o cümlədən Gürcüstana qarşı da belə mövqe sərgiləyiblər. Bu media vasitələrinin Gürcüstanın dövlətçiliyinə və demokratiyasına qarşı ciddi təhdid olduğunu qeyd edən Gürcüstanın tanınmış siyasi eksperti Giya Abaşidze deyib ki, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Gürcüstandakı redaksiyaları son bir neçə ildir ki, ölkədə dağıdıcı fəaliyyətlə məşğul olurlar: "Yeni ABŞ administrasiyası bu sabotajçılar haqqında həqiqəti söyləyirlər. Belə parazitlər amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməməlidirlər”. Ekspert Vaşinqtonun həmin media quruluşlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib.
Qırğızıstan Prezidenti Sadır Japarov da amerikalı milyarder İlon Maskın ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” və “Azadlıq” radiosu"nun media layihələrini bağlamaq çağırışını dəstəkləyib. Onun sözlərinə görə, bu gün istənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır və insanlara bu kimi media orqanlarının xəbərləri lazım deyil.
Doğrudur, məsələ ilə bağlı hələlik ABŞ hakimiyyətindən açıqlama verilməyib. Lakin unutmayaq ki, Maskın əvvəlki təşəbbüsləri, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq çağırışları Tramp administrasiyası tərəfindən dəstəklənib.
Bir daha xatırladaq ki, bir neçə gün öncə dünya mediasının gündəmində müzakirə olunan USAID-lə bağlı ən sərt ifadəni də İlon Mask işlədib. O deyib ki, bu, cinayətkar təşkilatdır və ölmək vaxtıdır. Məhz bu açıqlamanın ardınca Donald Tramp agentliyin layihələrinin dayandırılmasına, eləcə də Vaşinqtondakı mənzil-qərargahının bağlanmasına razılıq verib. Şübhəsiz, “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını da belə bir aqibət gözləyir. Atalar əbəs yerə deməyiblər ki, örkən nə qədər uzun olsa da, yenə də gəlib doğanaqdan keçər.
Qvami Məhəbbətoğlu, “İki sahil”