12 fevral 2025 10:30
100

USAİD ümumilikdə insanlıq əleyhinə cinayətlərə dəstək verən bir təşkilatdır - AÇIQLAMA

Nadir Azəri: Müstəqil siyasət yürüdən ölkələrə Batının imperialist dairələrinin hücumlarında vasitə rolunu oynayan USAİD tipli digər xarici təşkilatlar barədə də dərindən araşdırma aparılmalıdır 

“Bəlli olduğu kimi Azərbaycan zaman-zaman Batının bir sıra qurumlarının təzyiqləri ilə üzləşib. Bu təzyiqləri “əsaslandırmaq” üçün istər Avropadan, istərsə də okeanın o tayından çeşidli bəhanələr səsləndirilib. Lakin hər kəsə gün kimi aydındır ki, həmin təzyiqlərə səbəb Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, Batının imperialist dairələrinə boyun əyməməsi olub”.

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, Azərbaycana haqsız hücumlar edən təşkilatlar arasında Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) xüsusilə fərqlənib: “Biz dəfərlərlə bu təşkilatın bəlli maraqlı xarici dairələrin qaranlıq maraqlarına xidmət etdiyini demişik. Lakin təəssüflər olsun ki, Azərbaycanın USAID-in çirkin məqsədlərə xidmət edən fəaliyyəti barədə xəbərdarlıqları uzun müddət cavabsız qalıb. Bu gün isə vəziyyət dəyişib və artıq ABŞ rəsmiləri bu təşkilatın ən çirkin işlərə bulaşdığını bildirirlər. Məlum olduğu kimi, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bu təhlükəli qurum barədə paylaşım edərək, bildirib ki, USAID koronavirus da daxil olmaqla, bioloji silahların hazırlanmasına pul ayırıb. Bu, əslində, ABŞ rəsmilərinin USAID-in cinayətkar təşkilat olduğunu etiraf etməsi idi. Onu da xatırladım ki, bu İlon Maskın USAİD-i kəskin tənqid etməsi ilə bağlı heç də yeganə hal deyil. Bu paylaşımdan öncə də o, USAİD-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir etmişdi”.

USAİD tipli digər xarici təşkilatlar barədə də dərindən araşdırma aparılmalıdır

N.Azəri deyib ki, həm bu, həm də sözügedən təşkilatın dünyadakı bir çox çirkli işlərə bulaşması, terrorçulara dəstək verməsi barədə ortaya qoyulan faktlar USAİD-in ümumilikdə insanlıq əleyhinə cinayətlərə dəstək verən bir təşkilat olduğunu təsdiqləyir: “Təsəvvür edin USAİD bir tərəfdən koronavirus da daxil olmaqla, bioloji silahların hazırlanmasına pul ayırıb, digər tərəfdən isə Əfqanıstanda irriqasiyakanllarının yaradılması və kübrənin alınması, (məlumat üçün deyim ki, bu sistem narkotik istehsalında daha çox istifadə olunub), “Əl-Kaida” təşkilatı üçün 10 min porsiya yemək alınmasına, o cümlədən dünyada mənəvi dəyərlərin aşılanmasına xidmət edən LGBT təbliğatına külli miqdarda pul ayırıb. Bütün bunların aşkar olunması bir tərəfdən Azərbaycanın USAİD haqqında xəbərdarlıqlarının nə qədər haqlı olduğunu ortaya qoyursa, digər yandan da bu kimi digər təşkilatlar haqqında da araşdırmaların aparılmasının vacibliyini önə çıxarır. Yəni hesab edirəm ki, bu vaxta kimi Azərbaycan da daxil müstəqil siyasət yürüdən ölkələrə Batının imperialist dairələrinin hücumlarında vasitə rolunu oynayan USAİD tipli digər xarici təşkilatlar barədə də dərindən araşdırma aparılmalıdır”.