13 fevral 2025 11:23
83

Qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək

“Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fiukirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Eyni zamanda, Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsinin önəmini vurğulayıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi xeyli artıb.

Millət vəkilinin sözlərinə görə, iki ölkə lideri arasında indiyədək reallaşdırılmış səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində isə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan daim “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.  Eyni zamanda, Çin Xalq Respublikası da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

“Bütün bu məqamlar, o cümlədən Azərbaycanla Çinin beynəlxalq tərəfdaşlığı, iqtisadi əlaqələr, eləcə də beynəlxalq müstəvidə bu ölkənin oynadığı önəmli rol dövlətimizin başçısının müsahibəsində xüsusi vurğulanıb. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq”,-deyə deputat vurğulayıb.