Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumunda iştirak edib.
“İki sahil” xəbər verir ki, Ombudsman tədbirdə giriş nitqi ilə çıxış edərək vergi siyasətinin iqtisadi sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynadığını və hüquqi dövlətin, demokratik cəmiyyətin əsas komponentlərindən biri olduğunu qeyd edib. Müvəkkil dövlət müstəqilliyimizin bərpasından sonra vergi sisteminin təkmilləşdirilməsi və dayanıqlı inkişaf etdirilməsi istiqamətində kompleks islahatların həyata keçirildiyini bildirərək, bu islahatların insan hüquq və azadlıqlarının daha səmərəli təmininə xidmət etdiyini diqqətə çatdırıb.
Ombudsman vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının daha səmərəli müdafiəsi və pozulmuş hüquqların bərpası, vergi sahəsində şəffaflığın artırılması və azad sahibkarlıq hüququnun təmini istiqamətində Ombudsman Aparatı ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əməkdaşlığın, həmçinin BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”inin ölkə üzrə implementasiyası və sahəvi milli fəaliyyət proqramının hazırlanması üzrə fəaliyyəti də əhatə etdiyi qeyd olunub.
Səbinə Əliyeva Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə başçəkmələrin həyata keçirildiyini, saxlanma şəraitinin, rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, insan hüquq və azadlıqlarının daha səmərəli təmini məqsədilə Ombudsman Aparatı tərəfindən mütəmadi olaraq normativ hüquqi aktların monitorinqinin həyata keçirildiyi, ötən illər ərzində Ombudsmanın Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, habelə bu sahədə digər normativ sənədlərin təkmilləşdirilməsinə də öz töhfəsini verdiyi qeyd edilib.
Ombudsman vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və müraciətlərin daha effektiv araşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qurumlararası məlumat mübadiləsinin gücləndirilməsinin qarşıya qoyulmuş məqsədlərə ən yüksək səviyyədə nail olmağa imkan verəcəyini bildirib.