14 fevral 2025 11:46
187

Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə vermişdir. Aparıcı: Cənab Prezident, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Məsələn, siz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirsiniz. Yeri gəlmişkən, bununla bağlı son vaxtlar Çinlə müzakirələr aparırsınız. Siz, həmçinin qlobal iqlim sammitinə ev sahibliyi etdiniz. Bu, nəhəng bir tədbir idi və bu siyahını davam etdirmək olar. Azərbaycanın proaktiv yanaşmasını görmək olar. Əminəm ki, cənab Prezident, Sizin planlarınız var və Siz irəliləməklə bağlı ətraflı düşünürsünüz. Sualına cənab Prezident İlham Əliyev tutarlı cavab verərək bildirib ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Demək olar ki, təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik. Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan reallıqlarının təbliğində zəngin mənbədir. Dövlətimizin başçısı düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməlin hər bir ölkənin uğurlu inkişafında əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırır. Təbii ki, bu uğurlarda lider amilinin rolu xüsusi qeyd edilir. Müasir dövrdə Azərbaycan, Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət olaraq, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri və regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülh yaratma prosesində fəal iştirak edir və səmərəli təklif və təşəbbüslərlə çıxış edir.

Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Azərbaycan daim əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edir. Ötən ilin mühüm hadisəsi olan və nəticələri bu gün də geniş müzakirə edilən COP29 bir daha bu çağırışlara işıq saldı. İqlim konfransı çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha diqqəti COP29 iqlim konfransına yönəldərək bildirdi ki, ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Daim xalqlar və dövlətlər arasında yeni körpülərin qurulmasına, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə çağırışlar edir və bunu atdığı addımlarla təsdiqləyir. Dövlətimizin xarici siyasəti çoxşaxəli, açıq və aydındır. Dəyişməz prinsiplər daim uğurlara yol açır. Azərbaycan müstəqil xarici siyasət yürüdən, heç bir dövlətin diktəsi ilə hərəkət etməyən bir ölkədir. Ədalət və beynəlxalq hüquqa hörmət həyata keçirilən siyasətin əsas xəttini təşkil edir. Bu gün ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı cənab İlham Əliyev sözügedən müsahibəsində Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, Avropa İttifaqının 10 üzvü ilə imzalanan strateji tərəfdaşlıq Bəyannaməsinə də diqqəti yönəltdi. Vurğulandı ki, Türkiyə və Özbəkistan ilə müttəfiqlik Bəyannaməsi imzalanıb. Şaxələnmiş xarici siyasət istiqaməti sadəcə siyasətə deyil, həm də mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz və əməkdaşlıq proqramlarımız mövcuddur. Digər ölkələr kimi, Azərbaycanın xarici siyasəti də daxili siyasətimizin davamıdır. Azərbaycanın yalnız Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə və regional sülhə verdiyi töhfə artıq qlobal və beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini