Ölkəmizdə səfərdə olarkən Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən, bunu islam həmrəyliyinin nümunəsi adlandıran İraq Prezidenti Əbdüllətif Camal Rəşidin dövlət başçımız İlham Əliyevə xitabən söylədiyi «Sizin təcrübənizdən faydalanmağa hazırıq!» sözləri artıq ictimailəşib. Həmkarları arasında belə qətiyyəti, siyasi iradəsi, vədinə sadiqliyi ilə hörmət qazanan, dünya birliyində nüfuzu artan Prezident İlham Əliyevin siyasi, şəxsi xarakterində Hun hökmdarı Attilaya xas keyfiyyətlərin formalaşdığını təsdiqləmək üçün dövlət başçımızın son illərdəki fəaliyyətinə nəzər salmaq kifayətdir. «Başçı hökmən, ruhən qələbəyə can atmalıdır. Heç də məcburi deyil ki, hər dəfə qalib gələsən, amma ən vacib döyüşləri udmaq lazımdır» aforizminin müəllifi Attila liderliyin formulunu da dəqiqliyi ilə tənzimləyir: « Başçıların hamısı bilməlidir ki, qələbə yalnız nəyin edilməli olduğunu bilənlərə yox, həm də nə vaxt etməyi bilənlərə qismət olur… Müdrik başçı xalqa xidmətini və qabiliyyətini yalnız səlahiyyətlərin verilməsi məharəti ilə geniləndirir.»
«Nəyin, necə, nə vaxt» edilməli olduğunu liderlik qətiyyəti ilə planlaşdıran Prezident İlham Əliyevin uğur diplomatiyasının əsasını da hadisələri zamanın hökmü, tələbi ilə dəyərləndirmək , gələcəyi sınaqdan çıxmış təcrübələr əsasında müəyyənləşdirmək bacarığı təşkil edir. Son günlərdə Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurları təsdiqləyən bəzi məqamlara nəzər salmaqla deyilənlərə aydınlıq gətirmək olar.
Çoxqütblü dünyada Azərbaycanın möhkəmlənən mövqeyi, artan nüfuzu
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsini dünya hadisələrinə baxış adlandırmaq olar. «Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır» söyləyən Prezident İlham Əliyev müsahibəsində həqiqətin mənfi və müsbət cəhətlərini özünəxas tərzdə təhlil edir, qiymətləndirir, fikrlərini reallığa istinadən əsaslandırır. Xalqa həmişə həqiqəti söyləyən, ictimaiyyətin dəstəyinə arxalanaraq süverenliyimizi, beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq ədaləti bərpa edən Prezident İlham Əliyev dünyada baş verən siyasi proseslərə beynəlxalq auditoriyanı düşündürən açıqlamaları ilə aydınlıq gətirmişdir.
Jurnalistin suallarını ərazi bütövlüyümüzün və və suverenliyimizin tam bərpası aspektində cavablandıran Prezident İlham Əliyev diplomatik uğurlarımızı milli ideyamızın təntənəsi, hədəfimizə nail olmaq qətiyyəti, ədalətin bərpası naminə səylərimizin səfərbər edilməsi kimi dəyərləndirmişdir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin sadəcə, kağız üzərində qaldığı bir məqamda
çoxqütblü dünyada Azərbaycanın yerini lider qətiyyəti ilə möhkəmləndirən Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan
Cənubi Qafqaz və Xəzər regionunda aparıcı faktor olduğunu təsdiqləmiş, milli maraqlarımızın, həyat tərzimizin və müstəqil siyasətimizin dəyişilməzliyini bütün dünyaya bəyan etmişdir. Ölkəmizin daxili və xarici siyasətini düşünülmüş konsepsiya əsasında təkmilləşdirən, qonşularla səmimi münasibətlər quran, bölgədə sabitliyi, birliyi təmin edən, təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi edən Azərbaycan həmin tədbirdə şaxələnmiş xarici siyasətini bir daha nümayiş etdirdi. BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurlu sədrliyi dövründə dəstəklənən təşəbbüslərini , qazandığı təcrübəni daha da təkmilləşdirdi. Xarici siyasətimizin konturlarını dəqiqliklə tənzimləyən dövlət başçımız İlham Əliyev «Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir» sözləri ilə bir daha bildirmişdir ki, ölkəmizin hansı təşkilatda, necə təmsil olunmasını yaxşı bilirik.
Dünyada siyasi, iqtisadi nüfuzu getdikcə artan Çin-Azərbaycan münasibətlərinin hər iki ölkənin maraqlarına uyğun inkişafını strateji tərəfdaşlıq kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş olduğunu güclü qarşılıqlı iradənin nümayişi adlandırmışdır. Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfə verən ölkəmizin müasir beynəlxalq nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşməsini Qlobal Cənubun maraqları baxımından «…Bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi» sözləri ilə dəyərləndirən Prezident İlham Əliyev bu körpülərin istiqamətlərinin şaxələndirilməsi üçün təşəbbüskarlığını daha da artırır.
Çinlə strateji tərəfdaş olan Azərbaycan təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə töhfə verən ölkə olduğunu artıq təsdiqləyib. Ölkəmizi xarici müdaxilələrdən qoruyan qətiyyətli Lider İlham Əliyev ideologiya, iqtisadiyyat və milli ideyalar vəhdətində inkişaf etdirdiyi Azərbaycanı layiq olduğu yerə yüksəldib.
Jurnalistin dünyanın diqqət mərkəzində olan Vaşinqtondakı administrasiya dəyişikliyi ilə əlaqədar sualını da özünəməxsus məntiqlə cavablandıran Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəni yüksək dəyərləndirmiş, proqnozları dünya hadisələrinə, bəzi siyasi şərhçilərin fərqli yanaşmaları kontekstində təhlil etmişdir: «Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Donald Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.»
Müsahibəsində Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyini «Əminəm ki, Sədr Si Cinpinin «Bir kəmər, bir yol»” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq» sözləri ilə ifadə etmişdir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə imzalanan müqaviləni potensial gücə malik nəhəng layihə adlandırmışdı.
Afrikaya uzanan əlaqələr genişlənir
Xarici siyasətimizin daha bir uğuru Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri zamanı ölkəmiz barədə söylədiyi səmimi sözlər oldu. Fevralın 12-də Prezident İlham Əliyevin və onun somalili həmkarı Hasan Şeyx Mahmudun mətbuata bəyanatları ölkəmizin Afrika xalqları ilə əməkdaşlığının genişləndirilməsinə daha bir nümunə idi.
Hər iki regiondakı geosiyasi vəziyyət, siyasi sabitliyin qorunması naminə göstərilən qətiyyətlə bağlı fikirlərini bölüşən dövlət başçıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərmayə mühitinin formalaşması barədə imzalanan sənədlərin əhəmiyyətini gələcək strateji tərəfdaşlıq üçün təməl adlandırmışlar. Somalidən olan gənclərin Heydər Əliyev adına təqaüd əsasında təhsil almaları və onların gələcəkdə saylarının artırılması qarşılıqlı əməkdaşlığın, diplomatik əlaqələrin genişləndirilməsini təmin edəcək. Hər iki ölkə arasında infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahəsindəki əməkdaşlığın perspektivlərinin uğurla nəticələnəcəyini əminliklə ifadə olunmuşdur. Müdafiə sahəsindəki kadr hazırlığı ilə bağlı əməkdaşlığın, hərbi avadanlıqların ixracı ilə əlaqədar olunan razılıqların, terrora qarşı birgə mübarizənin dəstəklənməsi iki ölkə arasındakı tərəfdaşlığımızın mühüm sahəsi kimi dəyərləndirilmişdir.
Bakıya səfərini Somali-Azərbaycan münasibətlərində strateji əməkdaşlığın başlanğıcı adlandıran Hasan Şeyx Mahmudun bildirdiyi kimi, inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşən, zəngin potensiala malik hər iki ölkənin xalqları arasında daha yaxşı gələcək yaratmaq naminə qətiyyət və ambisiya ruhu böyükdür: «Eynilə, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.»
Azərbaycanın SPECA sammiti və COP29 ilə bağlı təklifi regionun ehtiyaclarına önəmli cavab idi
2023-cu ilin noyabrında Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə çıxış edən İlham Əliyev bildirmişdi ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Zirvə görüşündə fəxri qonaq kimi Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin iştirakı qurumun daha nüfuzlu əməkdaşlıq təşkilatı kimi tanıtdırdı.
«Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar» sözləri ilə iqtisadi forumu ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə adlandıran Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələri yüksək dəyərləndirmişdir. Son illərdə beynəlxalq nəqliyyat infrastrukturunun ayrılmaz tərkib hissəsi olan Azərbaycanın Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi əməkdaşlığı daha da genişləndirib.
Bu günlərdə AZƏRTAC-a eksklüziv müsahibəsində ölkəmizlə bağlı xoş niyyətlərini açıqlayan BMT-nin Baş katibinin müavini, qurumun Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alişahbananın söylədiyi dəyərli sözlər Azərbaycanın xarici siyasətinin beynəlxalq aləmdə dəstəklənməsinin daha bir ifadəsidir. BMT-nin inkişaf sisteminin təşkilatları, çoxtərəfli inkişaf bankları, akademik dairələr, beyin mərkəzləri, vətəndaş cəmiyyəti və özəl sektor da daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq edən qurumun fəaliyyətindən bəhs edən xanım Alişahbana bildirmişdir ki, UNESCAP-ın Mərkəzi Asiya subregionuna əsas töhfələrindən biri əlaqənin təmin edilməsidir: «Xüsusilə, qurum Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Beynəlxalq Saziş, Trans-Asiya Dəmir Yolu Şəbəkəsi haqqında Hökumətlərarası Saziş və Quru Limanlar üzrə Hökumətlərarası Saziş vasitəsilə nəqliyyat infrastrukturunun və əməkdaşlığın inkişafına kömək edir. Quru limanlar sazişi regionda bu cür obyektlərin inkişafında maraqlı olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.»
«BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan əsas addımlar hansılardır» sualını cavablandıran Sosial Komissiyanın icraçı katibi Azərbaycanın 2023-cü ildə İdarə Heyətinin 18-ci Toplantısına və İqtisadi Foruma ev sahibliyini SPECA-nın inkişafına, genişlənməsinə mühüm və təqdirəlayiq töhfə adlandırmışdır. Bildirilmişdir ki, Azərbaycan SPECA üçün iki yeni təşəbbüsünü - İqlim və İnnovasiya Dialoqu və İqlim Ağıllı Şəhərlər Forumunun hazırlanmasında üzv dövlətləri və BMT təşkilatlarını fəal şəkildə dəstəkləyib. Dialoqun iqlim, enerji və digər əsas sektorlar, eləcə də yaşıl biznesin inkişafı sahələrində milli fəaliyyət planları əməkdaşlığa yardım edəcək platformadır. Şəhərlər Forumu şəhərsalma, şəhər yaşıllaşdırma, nəqliyyat, enerji, tikinti, dairəvi iqtisadiyyat və kənd təsərrüfatı sahələrində qarşılıqlı əlaqəni dəstəkləyəcək. Bu təşəbbüslər sosial-iqtisadi zəifliyi azaltmaq və aşağı karbonlu iqtisadiyyata keçid istiqamətində birgə işləmək üçün hökumətləri və müxtəlif maraqlı tərəfləri bir araya gətirir. Azərbaycanın SPECA sammiti və COP29 ilə bağlı təklifləri regionun ehtiyaclarına vaxtında olan cavabı idi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan fonda ayırdığı 3,5 milyon dollar 2025-ci ildə mühüm layihələrin icrasına yönəldiləcək. Ölkəmiz, həmçinin Dayanıqlı Nəqliyyat, Tranzit və Bağlantı üzrə SPECA Tematik İşçi Qrupunun (TWG-STTC) işində fəal iştirak edir. Bu platforma Mərkəzi Asiyada nəqliyyatın dayanıqlı inkişafı üçün yeni imkanlar yaradır. Nəticədə Xəzər dənizi-Qara dəniz enerji dəhlizi Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Avropa arasında daha sıx inteqrasiya təmin edilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişləndirilməsi və modernləşdirilməsində davam edən əməkdaşlıq bütün tərəflər üçün faydalı olacaq. Azərbaycan, eyni zamanda, «Şimali və Mərkəzi Asiyada daha dayanıqlı və rəqabətli dəmir yolu əməliyyatlarının dəstəklənməsi üçün yeni texnologiyalar və rəqəmsal transformasiya” (2022-2024)» layihəsinin təşəbbüskarı olub. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi infrastrukturun inteqrasiyasını sürətləndirməklə bağlı konkret layihələr də aktual məsələlərdəndir.
Bəhs olunan, sadalanan arqumentlər bütünlükdə Azərbaycanın xarici siyasətinin uğurları, ölkəmizin dünyaya təqdimatı, Prezident İlham Əliyevin uğur diplomatiyasının əyani təzahürüdür.
Xuraman İsmayılqızı, «İki sahil»