14 fevral 2025 18:21
129

Ədalətli yanaşma, qarşılıqlı hörmət: çoxşaxəli əlaqələrin inkişafı diqqət mərkəzindədir

“Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına maraq göstərir. Ötən illər ərzində Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələr yaradılır və bu  münasibətlər hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı etimada, hörmətə əsaslanır. Bu mənada Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri tarixi əhərmiyyət daşımaqla yanaşı, ikitərəfli iqtisadi-hərbi əlaqələrin inkişafına güclü təkan verəcək əlamətdar hadisə kimi qiymətləndirilir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Ölkəmizin bir sıra Afrika ölkələri, o cümlədən Somali ilə diplomatik əlaqələri var. 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyi qeyd olundu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Afrika ölkələrilə münasibətlərinin daha da inkişaf etməsinə səbəb Bakının uğurla Qoşulmama Hərəkatına sədrlik etməsi oldu. Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi bu təşkilatın nüfuzunu daha da yüksəklərə qaldırdı. Bu, eyni zamanda, Azərbaycana yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək və gücləndirmək imkanı verdi. Bu istiqamətlərdən biri də Afrika qitəsidir.

Heç kimə sirr deyil ki, Azərbaycan bu mühüm geosiyasi platformada üçüncü dünya ölkələrinə öz hüquqlarını reallaşdırmaqda dəstək verir. Beynəlxalq münasibətlərdə ədalətli yanaşmaları hər zaman müdafiə edən Azərbaycan “Qara qitə” ölkələrinin haqq səsinin aktiv müdafiəçisidir. Məhz Azərbaycan neokolonializmin çirkin simasını bütün dünyaya nümayiş etdirir və bu bəlaya qarşı mübarizənin önündə gedir.

Bu gün Bakı Afrika ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsini özünün xarici siyasət prioritetlərindən biri hesab edir. Bu baxımdan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bu, Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və onun nəticələrini çox səmərəli hesab etmək olar. Belə ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq sənədlər imzalandı. Prezident İlham Əliyevin mətbuata açıqlamasında qeyd etdiyi kimi, əldə edilmiş münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Somali də Azərbaycanı mühüm strateji tərəfdaş və müttəfiq kimi görür. Prezident Həsən Şeyx Mahmudun Azərbaycana səfəri zamanı o, bu səfərin iki ölkə arasında əhəmiyyətli və strateji müttəfiqliyin başlanğıcı olduğunu vurğuladı. Onun sözlərinə görə, Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və rifah kimi ümumi məqsədləri var. Bu səfər iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini və perspektivlərini təsdiqlədi.

Bu gün tərəflər siyasi əməkdaşlığın dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlər görürlər. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlığın potensialı var. Müdafiə sahəsində də eyni sözləri demək olar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Deputat yekunda qeyd edib ki, xüsusilə qeyd edilməlidir ki, Somalinin strateji əhəmiyyəti onun coğrafi mövqeyi, təbii sərvətləri və beynəlxalq ticarət yollarına çıxışı ilə bağlıdır. Bu ölkənin xüsusilə Afrika Buynuzu bölgəsində yerləşməsi və Qırmızı dəniz ilə Hind okeanını birləşdirən kritik ticarət marşrutlarına nəzarət imkanlarının olması onun qlobal geosiyasətdə əhəmiyyətini artırır. Bu baxımdan xarici siyasət əhatəsini genişləndirən Azərbaycan üçün Somali hərtərəfli əməkdaşlıq ölkəmizin beynəlxalq aktor kimi çəkisini artırmaqla yanaşı, konkret iqtisadi və siyasi dividentlərin əldə olunmasına şərait yaradacaq.