17 fevral 2025 15:42
502

Nə düşündüyümüzü də BİLƏCƏKLƏR

Süni intellekt zehni oxuyacaq

Meta-nın süni intellekt üzrə tədqiqat qrupu insan düşüncələrini oxumağa çox yaxınlaşıb. ABŞ texnologiya nəhəngi cümlələri 80%-ə qədər dəqiqliklə yenidən qura bilən süni intellekt modeli hazırlayıb. Yeni modelin əsas məqsədi bədbəxt hadisə və ya xəstəlik nəticəsində danışma qabiliyyətini itirmiş şəxslərin yalnız düşüncələri ilə ünsiyyət qurmasını təmin etməkdir.

ABŞ-ın texnologiya nəhəngi Meta insan zehnini, düşüncələrini oxuya bilən süni intellekt modeli hazırlayıb. Hazırlanmış süni intellekt modeli düşünülmüş cümlələri 80 faiz dəqiqliklə proqnozlaşdıra bilir. Üstəlik, bunun üçün beyinə çip də daxil etməyə ehtiyac yoxdur. Metanın yanaşması Maqnetoensefaloqrafiya (MEG) və Elektroensefaloqrafiya (EEG) texnologiyalarını birləşdirir. EEG baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə beynin elektrik siqnallarını qeyd edir. MEG isə bir növ dəbilqənin köməyi ilə sinapsların maqnit sahələrini ölçür. Hər iki texnologiyanın birlikdə istifadəsi proqnozların etibarlığını təmin edir.

Metaya görə, bu üsul tək EEG-dən istifadəylə müqayisədə ən azı iki dəfə effektlidir. Süni intellekt modeli beynin fəaliyyətini millisaniyə səviyyəsində izləməklə MEG qeydlərini təhlil edir. Bu, yazı zamanı beynin mücərrəd fikirləri sözlərə, hecalara və hətta fərdi barmaq hərəkətlərinə necə çevirdiyini ortaya qoyur. Yeni modelin əsas məqsədi qəza və ya xəstəlik nəticəsində nitq qabiliyyətini itirmiş şəxslərin yalnız öz düşüncələri ilə ünsiyyət qura bilməsini təmin etməkdir. Ancaq indiyə qədər aparılan testlər yalnız sağlam insanlar üzərində tətbiq edilib.

Beyin zədəsi olan insanlarda süni intellektin necə işləyəcəyi isə hələlik məlum deyil.

Meta bu araşdırmanı inkişaf etdirmək üçün tərəfdaşlıqlara sərmayə yatırır. Şirkət davam edən işlərə dəstək olmaq üçün Rotşild Vəqfi Xəstəxanasına 2,2 milyon dollar ianə etdiyini açıqlayıb. Şirkət, həmçinin Avropada NeuroSpin, Inria və CNRS kimi qurumlarla da əməldaşlıq edir.

Vüsal Cahanov, “İki sahil”