17 fevral 2025 17:07
1409

KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ

“Yaşıl iqtisadiyyat”a transformasiyanın KOB-lar üçün önəmli tərəfləri var

Orxan Məmmədov: İşğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaq istəyən sahibkarlar və xarici investorlar biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “İki sahil” qəzetinin suallarını cavablandırır:

Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib

- Orxan müəllim, 2024-cü il kiçik və orta biznesin inkişafı istiqamətində hansı yeniliklərlə yadda qaldı?

- Ölkə sahibkarlarının 99,7%-ni kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Son illərə nəzər yetirsək, KOB-ların inkişafı ilə bağlı müsbət artım dinamikasının müşahidə edildiyini görərik. Müsbət meyllər KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir. Statistik rəqəmlər ölkə iqtisadiyyatında və məşğulluqda, o cümlədən qeyri-neft sektorunda KOB-ların rolunun artmaqda davam etdiyini, KOB-ların güclənərək dayanıqlı inkişafa daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Bildiyiniz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məhz müvafiq sahədə dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Agentlik biznes mühitinin yaxşılaşdırılmasında iştirak edir, biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi və KOB maraqlarının müdafiəsi, KOB-ların bilik və innovasiyalara, satış bazarlarına və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması kimi istiqamətlərdə sahibkarlara müxtəlif dəstək və xidmətlər göstərir. 

İndiyədək qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib

2024-cü ildə mandatımıza uyğun olaraq, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunması üçün müvafiq tədbirlər davam etdirilib. Nəticədə ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib ki, bu xidmətlərdən məmnunluq göstəricisi 98% təşkil edib. 2024-cü ildə Azərbaycanın KOB evi modeli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib və tətbiqi digər ölkələrə də tövsiyə olunub.

KOB-ların maliyyə imkanlarının genişləndirilməsi məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi mexanizmi üzrə 2024-cü ildə təşkil olunmuş iki müsabiqə çərçivəsində sahibkarların 41 layihəsinə 714 min manat həcmində qrant vəsaiti ayrılıb. İndiyədək isə qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib.

2024-cü ildə mikro və kiçik sahibkarlara innovasiya fəaliyyəti üzrə əldə etdikləri gəlirlərə 3 il müddətinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi 65 mikro və kiçik sahibkara təqdim olunub. Bu mexanizmin işə düşdüyü 2021-ci ildən bugünə qədər isə Agentlik tərəfindən KOB-lara 200-ə yaxın “Startap” şəhadətnaməsi verilib.

Yeni biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən iş adamlarının risklərinin sığortalanması baxımından daxili bazar araşdırması əhəmiyyətli mexanizmdir. Bu mexanizm çərçivəsində KOBİA tərəfindən 2024-cü ildə 10, indiyədək isə 61 daxili bazar araşdırması aparılıb.

Ötən il ilk KOB klaster şirkəti dövlət qeydiyyatına alınıb və bu şirkətə müxtəlif vergi güzəştlərini nəzərdə tutan “KOB klaster şəhadətnaməsi” təqdim olunub. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur. KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün KOBİA tərəfindən KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması və funksional xəritəsinin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması, KOB klasterinin qeydiyyata alınması istiqamətində müvafiq dəstək göstərilib. 

2024-cü ildə ölkəmizdə və xaricdə keçirilmiş 21 sərgi və yarmarka çərçivəsində 500-dən çox KOB subyektinin məhsullarının sərgilənməsinə, Agentlik tərəfindən ticarət şəbəkələrində yaradılmış 8 satış nöqtəsində 60-a yaxın sahibkarlıq subyektinin məhsullarının satışına dəstək təmin edilib.

Sahibkarların maarifləndirilməsi, biznes üzrə bilik və bacarıqlarının artırılması məqsədilə KOBİA-nın ödənişsiz təlim və məsləhət xidmətlərindən ötən il 13 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1100-dən çox biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 600-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 40-dan çox sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. 2024-cü ildə KOBİA-nın təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində fəaliyyətə başlayan KOB Model Müəssisədə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün nəzəri və praktik təlimlər təşkil olunub, öyrənilən biliklər model müəssisədə sınaqdan keçirilib.

KOB evi modeli xarici ölkələrin diqqət mərkəzindədir

- KOB dostu və KOB evlərinin sahibkarlığın inkişafı istiqamətində rolu nədən ibarətdir?

- Sahibkarlara operativ və keyfiyyətli xidmətlərin göstərilməsində infrastruktur şəbəkəsi önəmlidir. Belə infrastruktur şəbəkələri arasında KOBİA-nın strukturunda fəaliyyət göstərən KOB evlərini, KOB dostu ofislərini və KOB inkişaf mərkəzlərini xüsusilə qeyd etmək istərdim.

Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında önəmli paya malik olan KOB evləri hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində fəaliyyət göstərir. Bu şəhərlərdə ümumilikdə 3 KOB evi və Xudat şəhərində “Xaçmaz KOB evi”nin xidmət mərkəzi yerləşir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər təqdim olunur. KOB evlərində sahibkar bir məkana gələrək lazım olan bütün xidmətlərdən yararlanır. Nəticədə sahibkarın hər hansı xidmət üçün sərf etdiyi vaxt və əməliyyat xərcləri azalır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır. KOB evlərinin digər üstünlükləri “G2B” və “B2B” xidmətlərinin bir məkanda göstərilməsi və xidmət keyfiyyətinin ölçüləbilən olmasıdır. KOB evlərində biznesin planlaşdırılması, biznesə başlamaq, biznesin qeydiyyatı və biznesin inkişafı üzrə sahibkarlara qeydiyyat, lisenziya, icazə və digər sənədlərin alınması, vergi, gömrük məsələləri, kommunal xidmətlərə qoşulmaq, biznes planın hazırlanmasına dəstək, güzəştli maliyyə vəsaitlərinə çıxış, bank, sığorta, notarius və digər xidmətlər göstərilir. KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət dinamika müşahidə edilir. Sahibkarlara KOB evlərində 2023-cü ildə 371 mindən çox, 2024-cü ildə isə 450 mindən artıq xidmət göstərilib. Bu, sahibkarların KOB evlərində xidmət almaqdan məmnun olduğunu, vahid məkanda xidmətlərin göstərilməsinə maraqlarını göstərir.

Azərbaycanın KOB evi modeli xarici ölkələrin də diqqət mərkəzindədir. Təkcə 2024-cü ildə 20-yə yaxın ölkənin nümayəndə heyəti və 10-dan çox beynəlxalq təşkilatın təmsilçisi KOB evi modeli ilə yerində tanış olmaq üçün “Bakı KOB evi”ndə olub. KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə bu yaxınlarda KOBİA və Qazaxıstan Respublikasının Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOBİA Qazaxıstanda KOB evinin yaradılması və idarə edilməsi sahəsində təcrübəsini təşkilat ilə bölüşəcək.

KOBİA-nın sahibkarlara yerində dəstəyin göstərilməsi mexanizmlərindən biri də KOB dostu şəbəkəsidir. Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. Hazırda KOB dostları ölkənin 14 iqtisadi rayon üzrə 52 şəhər və rayonu əhatə edir. KOB dostları biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edir. Yeni biznes subyektlərinin yaranmasına, sahibkarların qanuni maraqlarının müdafiəsinə və onların investisiya təşəbbüslərinin reallaşdırılmasına dəstək KOB dostunun başlıca fəaliyyət istiqamətlərindəndir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını onlarla keçirilən görüşlər və sorğular vasitəsilə öyrənir.

Yaşıl biznes yalnız gəlir əldə etməyi deyil, həm də...

- Kiçik və orta bizneslər qarşısında “yaşıl iqtisadiyyat”a keçid sahəsində hansı ən vacib məsələlər durur?

- Azərbaycanda yaşıl və dayanıqlı inkişaf məsələləri hər zaman prioritet məsələlərdən olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi xüsusi istiqamət kimi müəyyən edilib və Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında müvafiq tədbirlərin icrası təsbit edilib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ölkəmizin COP29 kimi mötəbər tədbirə uğurla ev sahibliyi etməsi bu sahəyə diqqəti bir qədər də artırıb.

İqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə fonunda yaşıl bizneslərin önəmi artmaqdadır. Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsal edir, bir sözlə, ətraf mühitə dost olur. Yaşıl biznes yalnız gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir. Yaşıl davranışların təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyası vacibdir. Bu baxımdan yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir. Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, yaşıl maliyyələşmə kimi amillər yaşıl fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.  

KOBİA-nın hədəfi KOB-ların ÜDM-də, məşğulluqda və qeyri-neft ixracında payının artırılması, rəqabətqabiliyyətinin yüksəldilməsidir ki, qarşıdakı dövrdə də Agentliyin fəaliyyəti, dəstək və xidmətləri bu hədəflərin reallaşdırılmasına yönəldiləcəkdir

“Yaşıl iqtisadiyyat”a transformasiyanın KOB-lar üçün bir önəmli tərəfləri də var. Belə ki, səmərəli və qənaətli texnologiyaların tətbiqi, yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Beynəlxalq investorlar sərmayə ilə bağlı qərarlar qəbul edən zaman qeyri-maliyyə amilləri, yəni, yaşıl məsələləri də özündə ehtiva edən Ekoloji, Sosial və Korporativ (ESG) idarəetmə prinsiplərinə üstünlük verirlər.

KOBİA təlim, məsləhət, qrant və s. kimi müxtəlif dəstək mexanizmləri çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidini təşviq edir. 2024-cü ildə bu sahədə fəaliyyətimiz daha da genişlənib. COP29 çərçivəsində KOBİA “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”sini irəli sürüb. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Belə ki, Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bu Bəyannamə, həmçinin Azərbaycanın yaşıl keçid üçün qlobal liderliyini və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən Bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə xüsusi sayt (www.greensme.org) yaradılıb. Artıq Bəyannaməyə qoşulan yerli və beynəlxalq təşkilatların sayı 10-u ötüb. Bununla yanaşı, KOBİA-nın təşəbbüsü ilə ötən il KOB-ların “yaşıl iqtisadiyyat”a keçidində önəmli olacaq iki dövlət standartı qəbul edilib, Agentliyin və tərəfdaş qurumların dəstəyi ilə ESG üzrə vahid platforma yaradılıb. 

Azad olunmuş ərazilərimizlə bağlı sahibkarlardan  KOBİA-ya 2700-ə yaxın müraciət daxil olub

- İşğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu və bölgədəki biznes imkanları barədə nə deyə bilərsiniz? KOB-ların Qarabağda sahibkarlıq fəaliyyətinə marağı necədir?

- İşğaldan azad edilmiş ərazilərimizin sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün böyük potensialı var. Özəl sektor da Qarabağda biznes qurmağa və investisiya qoyuluşuna maraq göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin 1 yanvar tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 5240, fərdi sahibkarların sayı isə 94799 təşkil edib. Bu rəqəmlər 2023-cü ildəki göstəricilərlə müqayisədə müvafiq olaraq 10,4% və 6,3% çoxdur. İnanırıq ki, bu fəallıq davamlı olmaqla, bölgənin bərpasına və inkişafına öz müsbət töhfəsini verməkdə davam edəcək.  

İşğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaq istəyən sahibkarlar və xarici investorlar biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilir. Böyük Qələbəmizdən dərhal sonra, 2020-ci ilin dekabr ayından işğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, iş və xidmətlərini təklif edən sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb. 2025-ci ilin 1 fevral tarixinə bu istiqamətdə KOBİA-ya 2700-ə yaxın müraciət daxil olub. Müraciətlərin 2200-ə yaxını yerli, 500-dən çoxu isə xarici müraciətlərdir. Ümumi müraciətlərin 1620-si investisiya layihəsidir ki, onun da 58%-i ticarət və xidmət, 15%-i sənaye, 19%-i kənd təsərrüfatı, 8%-i isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.

Qarabağın iqtisadi və investisiya potensialının yerli və xarici iş adamlarına təqdim olunması məqsədilə KOBİA tərəfindən xarici nümayəndə heyətləri ilə keçirilən görüşlərdə və təşkil olunan tədbirlərdə məlumat verilir.

Məlumat üçün onu da qeyd edim ki, Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirən xidmət pəncərəsi fəaliyyət göstərir. İşğaldan azad edilmiş ərazilərdə KOB dostu ofisləri yerləşir. Bu, bölgədə biznesin qurulmasına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkarlara daha yaxın edir.

Beynəlxalq əlaqələr: Artıq ortaq təşəbbüs və layihələrin reallaşdırılmasına dəstək üzərində fokuslanmışıq

- Orxan müəllim, kiçik və orta sahibkarların beynəlxalq əlaqələrinin genişlənməsində KOBİA-nın dəstəyi nədən ibarətdir?

- KOBİA kiçik və orta biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Artıq KOBİA Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, İtaliya, Böyük Britaniya, Koreya, İsveçrə, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan, Macarıstan, Ruminiya, Özbəkistan və s. ölkələrin KOB sektoru ilə əlaqəli təşkilatları ilə əməkdaşlıq qurub. KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, yerli KOB-ların əlaqələrinin genişləndirilməsi və birgə layihələrin icrası, əməkdaşlıqda maraqlı olan investorlarla yerli sahibkarlar arasında vasitəçilik etmək məqsədilə fərqli ölkələrə işgüzar səfərlər təşkil olunur. KOB sahəsində əməkdaşlığa dair xarici ölkələrin müvafiq tərəfdaş qurumları ilə indiyədək 90-dan artıq Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq əlaqələr sahəsində Agentliyin fəaliyyəti ilkin dövrdə əsasən tərəfdaş qurumlarla əməkdaşlığın qurulması, Azərbaycanda KOB ekosisteminin əsas iştirakçısı kimi Agentliyi tanıtmaq olduğu halda, son dövrlərdə tərəfdaş təşkilatlarla birgə KOB-ların iştirakı ilə ortaq təşəbbüs və layihələrin reallaşdırılmasına dəstək vermək üzərində fokuslanmışıq.

KOBİA-nın dəstəyi ilə Azərbaycan ilə Səudiyyə Ərəbistanı, Qətər, Ukrayna və İraq ilə biznes şuralar yaradılıb və artıq iş adamlarının iştirakı ilə bu şuraların bir neçə iclasları keçirilib. Bu əməkdaşlıq platformaları ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədilə sahibkarların təşəbbüslərinə dəstək vermək, bizneslər arasında birbaşa əlaqələrin qurulması, sahibkarların qarşılıqlı səfərlərinin, görüşlərin, birgə tədbirlərin təşkili, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi məqsədi daşıyır.

Agentlik, həmçinin KOB sektoru ilə əlaqəli bir neçə beynəlxalq təşkilatın üzvüdür. Dünyanın müxtəlif ölkələrində KOB sahəsində fəaliyyət göstərən qurumlar ilə təcrübə mübadiləsinin genişləndirilməsini, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq etmək məqsədilə KOBİA INSME (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə), ICSB (Kiçik Biznes üzrə Beynəlxalq Şura), USACC (ABŞ-Azərbaycan Ticarət Palatası), SME Finance Forum (Kiçik və Orta Biznesin Maliyyə Forumu) kimi beynəlxalq təşkilatların üzvüdür. KOBİA 2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulub.

Müvafiq sahədə qarşıdakı dövrdə görüləcək işlərə gəlincə, bildiyiniz kimi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024-2026-cı illər üzrə sədrlik Azərbaycana keçib. Bununla əlaqədar AQEM-in Biznes Şurasına sədrlik KOBİA-ya həvalə edilib. Cari ildə bu məqsədlə müəyyən edilmiş fəaliyyət planına uyğun olaraq, tədbirlər həyata keçiriləcək. Bizneslər, o cümlədən KOB subyektlərinin beynəlxalq müstəvidə əlaqələrinin genişləndirilməsi və xarici ticarət əməliyyatlarının dəstəklənməsi üçün Küveyt, Oman, Bəhreyn və Vyetnam ilə birgə biznes şuralarının yaradılması istiqamətində işlər aparılır. Bununla yanaşı, KOB evləri ilə bağlı təcrübə mübadiləsinin aparılması, COP29 çərçivəsində irəli sürdüyümüz “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə tərəfdaş qurumların cəlb edilməsi, eləcə də KOB-ların inkişafı sahəsində göstərilən xidmətlər və dəstək mexanizmləri üzrə məlumat mübadiləsinin və birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni təşviq alətlərinin əhatə edəcəyi sahələr...

- Sahibkarlar üçün hansı yeni dəstək alətlərinin istifadəyə verilməsi nəzərdə tutulur? Ümumiyyətlə, Agentliyin 2025-ci il üçün hədəfləri nələrdir?

- KOBİA-nın hədəfi KOB-ların ÜDM-də, məşğulluqda və qeyri-neft ixracında payının artırılması, rəqabətqabiliyyətinin yüksəldilməsidir ki, qarşıdakı dövrdə də Agentliyin fəaliyyəti, dəstək və xidmətləri bu hədəflərin reallaşdırılmasına yönəldiləcəkdir. 2025-ci ildə qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi, “KOB klaster” şəhadətnaməsi, yerli və beynəlxalq sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış kimi mövcud dəstək mexanizmlərinin təmin edilməsi ilə yanaşı, bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni təşviq alətlərinin yaradılması üzrə işlər davam etdiriləcək. Belə ki, "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanundan irəli gələrək Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı” təsdiq edilib. Sözügedən siyahı əsasında kənd təsərrüfatı, informasiya və rabitə, turizm, tikinti və nəqliyyat sektorları üzrə yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görülür.  

Cari ildə fəaliyyətimizin mühüm hissələrindən birini innovasiya və rəqəmsal inkişaf təşkil edəcəkdir. Bu məqsədlə 3 mühüm rəqəmsal platforma üzərində fokuslanacağıq

KOB mühitinin təkmilləşdirilməsi və qiymətləndirilməsi sahəsində bir sıra yeni təşəbbüslər nəzərdə tutulur. “G2B” xidmətlərinin optimallaşdırılması məqsədilə KOB subyektlərinə göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi işləri həyata keçiriləcək. 2025-ci ildə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində sorğuların keçirilməsi  və sahibkarların fəaliyyətinə təsir edən qanunvericilik aktlarının onların inkişafına təsirinin təhlili davam etdiriləcək.

Cari ildə fəaliyyətimizin mühüm hissələrindən birini innovasiya və rəqəmsal inkişaf təşkil edəcəkdir. Bu məqsədlə 3 mühüm rəqəmsal platforma üzərində fokuslanacağıq. Bunlar “E-KOB evi” portalı, KOB subyektlərinin reyestri və “Vahid G2B elektron reyestri”dir. “E-KOB evi” portalı üzərində işlər demək olar ki, yekunlaşıb və portal test rejimində işləyir. Portlada xidmətlər “sahibkarın elektron kabineti” vasitəsilə göstəriləcək. Hazırda qarşıda duran əsas çağırış ayrı-ayrı dövlət qurumları tərəfindən göstərilən xidmətlərin portala inteqrasiyası ilə bağlıdır. Bu istiqamətdə birgə işlər aparılır. Ümumilikdə, “E-KOB evi” portalında biznesin planlaşdırılması, biznesə başlanılması, biznesin idarə edilməsi və inkişaf etdirilməsi mərhələləri üzrə sahibkarlara geniş çeşidli elektron xidmətlər təmin ediləcək. Portalın mühüm hissəsini təşkil edəcək Biznes Naviqator sistemində təlimlər, sənəd və hesabatların hazırlanması üçün konstruktorlar, kadr bankına çıxış, müxtəlif biznes prosesləri üzrə kalkulyatorlar, biznes analitika üçün statistik məlumat bazası, bacarıqların qiymətləndirilməsi aləti, maliyyə resurslarına çıxış və s. funksional imkanlar mövcud olacaq.

2025-ci ildə KOB dostu ofisləri ilə bağlı əsas hədəfimiz onların fəaliyyətinin daha səmərəli təşkilinə yönəldiləcəkdir. Artıq qeyd etdiyim kimi, bu sahədə ölkə üzrə təmsilçilik böyük ölçüdə təmin edilib. Bununla belə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində bizneslərin yaradılması, inkişafı və ehtiyacları əsasında, daha çox məskunlaşma olan inzibati ərazi vahidlərində KOB dostu ofisinin açılması məsələsi nəzərdən keçirilir.

Yeni KOB evlərinin Şuşa və Gəncə şəhərlərində fəaliyyət göstərməsi planlaşdırılır

Cari ildə, həmçinin KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni KOB evlərinin Şuşa və Gəncə şəhərlərində fəaliyyət göstərməsi planlaşdırılır. Şuşada KOB evi Dövlət Xidmətləri Mərkəzində fəaliyyət göstərəcək. Ötən ilin iyul ayında cənab Prezident sözügedən mərkəzdə aparılmış təmir işləri ilə tanış olub. Orada 16 xidmət pəncərəsinin yaradılması hədəflənir. Ötən il “Bakı KOB evi”ndə istifadəyə verilmiş KOB gömrük anbarının fəaliyyətinin genişləndirilməsi və aktivliyinin artırılması istiqamətində işlər intensivləşdiriləcəkdir.

2025-ci ildə yeni KOB klasterlərin yaradılması istiqamətində işlər aparılacaq, KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək. Bu il KOB Model Müəssisənin imkanlarından daha geniş istifadə edilməsi, yeni model tətbiqləri ilə sahibkarlıq sahəsi üçün faydalılığının artırılması planlaşdırılır.

 - Müsahibə üçün təşəkkür edirik!

Orxan Vahidoğlu, “İki sahil”