18 fevral 2025 00:48
211

“Rəqəmsal məktəb”...

Ekspert: Bu platforma təhsilə ilk növbədə inklüzivlik və çeviklik vəd edir

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb. İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.

“Rəqəmsal məktəb” platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi "Valideynlərin rəyləri" funksiyası tətbiq ediləcək. Platformada hər tədris müəssisəsi üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaq ki, bu bölmədə valideynlər sorğularda iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır. Sorğular əsasən müəllimin dərs izah etmə bacarığı, övladının dərsə marağını artırmaqda onun rolu, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması,  müəllimin şagirdlərlə ünsiyyət və davranış tərzi kimi məsələləri əhatə edəcək. "Rəqəmsal məktəb" platforması hazırda Bakı şəhəri üzrə 324 ümumi təhsil müəssisəsini əhatə edir. Başqa sözlə, bu gün 30 mindən çox pedaqoji heyət, 500 mindən çox şagird platformanın imkanlarından faydalana bilir.

Bu, təhsil sistemində hansı dəyişikliklərə səbəb olacaq?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, “Rəqəmsal məktəb” layihəsi təhsil sistemində innovativ yanaşmaları tətbiq etməklə, tədris prosesini müasir texnologiyalar vasitəsilə daha effektiv və əlçatan etməyi hədəfləyir: “Bu platforma ənənəvi sinif təhsilini tamamilə əvəz etməsə də onu gücləndirə, şagirdlərə və müəllimlərə daha çevik və fərdiləşdirilmiş tədris imkanları təqdim edə bilər. Rəqəmsal təhsil platformalarının uğurlu tətbiqi dünya təcrübəsində geniş yayılıb və Azərbaycanda da bu istiqamətdə addımların atılması müasir təhsil tələblərinə cavab vermək baxımından zəruridir.

Bu platforma təhsilə ilk növbədə inklüzivlik və çeviklik vəd edir. Rəqəmsal məktəblər təhsil prosesini coğrafi məhdudiyyətlərdən azad edərək, ucqar bölgələrdə yaşayan şagirdlər üçün eyni tədris imkanlarını təmin edə bilər. Hazırda Azərbaycanda şəhər və kənd məktəbləri arasında təhsil keyfiyyəti baxımından fərqlər var və “Rəqəmsal məktəb” bu uçurumu aradan qaldıra bilər. Dünya təcrübəsində Finlandiya, Sinqapur və Estoniya kimi ölkələrdə rəqəmsal təhsil modelləri tətbiq olunub və bu, təhsilin keyfiyyətini yüksəldib. Məsələn, Estoniyada bütün məktəblər rəqəmsal platformalarla işləyir və bu, şagirdlərə fərdi öyrənmə tempini seçmək imkanı yaradır”.

Rəqəmsal platformalar və STEM fənlərində effektivlik…

Ekspert qeyd edib ki, “Rəqəmsal məktəb”in təhsilin keyfiyyətinə təsiri bir neçə aspektdə özünü göstərə bilər : “Ənənəvi təhsilin əsas problemlərindən biri fərdi yanaşmanın məhdud olmasıdır. Bütün şagirdlər eyni metodlarla tədris alır və bu, onların fərdi öyrənmə tərzini tam əhatə edə bilmir. “Rəqəmsal məktəb”lər adaptiv təhsil sistemləri vasitəsilə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onların bilik səviyyəsinə uyğun materiallar təqdim edə bilər. Süni intellekt texnologiyalarının təhsilə inteqrasiyası şagirdlərin zəif tərəflərini müəyyən edərək, onlara uyğun tədris məzmunu təqdim etməyə imkan verir. Bu yanaşma xüsusilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) fənlərinin tədrisində effektiv ola bilər. Estoniya və Finlandiyada tətbiq olunan adaptiv öyrənmə platformaları nəticəsində şagirdlərin akademik göstəricilərində əhəmiyyətli irəliləyiş müşahidə olunub”.

Müəllimlər də faydalanacaqlar

K. Əsədovun fikrincə, müəllimlərin bu platformadan faydalanması üçün onların texnoloji savadlılığının artırılması vacibdir: “Əgər müəllimlər rəqəmsal alətlərlə işləməyi mənimsəməsələr bu sistemin effektivliyi aşağı olacaq. Müasir rəqəmsal məktəb modellərində müəllimlər yalnız bilik ötürən deyil, həm də şagirdlər üçün mentor rolunu oynayan təhsil rəhbərləri olurlar. Onlar rəqəmsal resurslardan istifadə edərək dərslərini daha interaktiv və cəlbedici edə bilərlər. Bu platforma müəllimlər üçün dərs planlarını avtomatlaşdırmaq, qiymətləndirmə prosesini sadələşdirmək və şagirdlərin fərdi inkişafını izləmək kimi üstünlüklər yarada bilər. Sinqapur və Cənubi Koreya təhsil sistemlərində müəllimlərin rəqəmsal texnologiyaları mənimsəməsi üçün geniş miqyaslı təlimlər təşkil olunur və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər”.

Texniki imkanlar yaxşı olmasa...

Həmsöhbətimiz vurğulayıb ki, texniki imkanlar layihənin uğurunu müəyyən edən əsas amillərdən biridir: ““Rəqəmsal məktəb” effektiv işləməsi üçün yüksək sürətli internet bağlantısı, güclü server infrastrukturu və stabil proqram təminatı tələb edir. Hazırda Azərbaycanın bəzi bölgələrində internetin keyfiyyəti və kompüter avadanlıqlarının əlçatanlığı məhdud olduğuna görə, bu sistemin geniş tətbiqi bəzi çətinliklərlə qarşılaşa bilər. Estoniya və Finlandiya kimi ölkələrdə rəqəmsal təhsilin uğurlu olması üçün hökumət əvvəlcə bütün məktəbləri genişzolaqlı internet və müasir avadanlıqla təmin edib. Azərbaycanda da bu istiqamətdə addımlar atılmalı və bütün məktəblərdə texnoloji infrastruktur gücləndirilməlidir”.

“Rəqəmsal məktəb”in uğuru üçün əsas şərtlər…

Kamran Əsədov “Rəqəmsal məktəb” layihəsinin effektivliyi həm texniki, həm də pedaqoji baxımdan sistemli yanaşma tələb etdiyini diqqətə çatdırıb: “Tədris proqramları rəqəmsal mühitə uyğunlaşdırılmalı, müəllimlər üçün davamlı təlimlər təşkil edilməli, texniki avadanlıq təmin olunmalı və bu sistemin işləmə mexanizmləri dayanıqlı olmalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, “Rəqəmsal məktəb” Azərbaycan təhsil sistemində böyük bir irəliləyişə səbəb ola  və dünya təhsil sistemləri ilə rəqabət aparacaq səviyyəyə yüksələ bilər”.

Nigar Orucova, “İki sahil”