Media eksperti: Azərbaycanda USAID-in məkrli niyyətlərinin üstü vaxtında açılıb
Ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışan, onları öz siyasətinə tabe etmək istəyən ABŞ Demokratlar Partiyası bu məqsədlə USAID-in imkanlarından da faydalanıb. Geniş maliyyə imkanlarına malik olan USAID “humanitar” yardım göstərmək, “qrant” vermək adı ilə ölkələrə nüfuz edib. Bu ölkələrdə jurnalistləri, QHT-ləri, digər icmaları maddi baxımdan şirnikləşdirib, ələ alıb. Son nəticədə onları milli hökumətlərlə üz-üzə qoyaraq, idarə olunan xaos yaradıb. Bu xaos fonunda özünün məkrli niyyətlərini həyata keçirib.
ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin verdiyi məlumata əsasən, USAID dünya üzrə 707 media qurumunu, 6200 jurnalisti, 279 QHT-ni maliyyələşdirərək təsir dairəsinə salıb. Korrupsiyalaşmış qurumun maliyyələşdirdiyi media subyektləri sırasında həm milli, həm də beynəlxalq təşkilatlar mövcuddur. “The New York Times”, “Politico”, “Associated Press”, BBC, “Reuters”, “Frans-Press” kimi KİV-lər USAID-dən maliyyə alaraq tapşırıqlar icra ediblər. Sözügedən media subyektləri uzun illər ərzində digər ölkələrlə yanaşı, Azərbaycana da “azad mətbuat nümunəsi”, “obyektiv”, “qəzərsiz” KİV-lər qismində təqdim ediliblər.
Bu KİV-lər uzun illər ərzində “müstəqil”, “tənqidçi” media kimi qrimlənərək rəsmi Bakıya qarşı qarayaxma kampaniyası aparıblar. İstər 2020-ci ildə 44 günlük Vətən müharibəsi, istərsə də Qarabağdakı separatçı qurumun varlığına birdəfəlik son qoyan 23 saatlıq lokal antiterror tədbirləri zamanı ölkəmiz əleyhinə reallıqdan uzaq məlumatlar yayıblar. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycana təzyiqlərini artırmaqla yanaşı, həmin beynəlxalq tədbirin baş tutmaması üçün çalışıblar və s.
Təəssüf doğuran haldır ki, özünü beynəlxalq media qurumu kimi təqdim edən bu KİV-lərin apardıqları qarayaxma kampaniyasına ölkəmizin içindən də dəstək verənlər tapılıb. “Toplum TV”, “Abzas Media”, “Meydan TV” xarici KİV-lərdə yayımlanan qondarma faktları təkrarlayaraq, dövlətimizin imicini korlamağa çalışıblar. Onlar USAID-dən maliyyə aldıqlarını uzun illər ərzində gizlədiblər. Amma onların fəaliyyəti üzrə aparılan istintaq prosesi bu yöndə faktları aşkarlayaraq ortaya qoyub. Əlavə olaraq adı keçən KİV-lərin USAID-dən maliyyə aldıqlarını təsdiqləyən dolayı faktlar da ortaya çıxıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp USAID-in fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu qərardan bir neçə gün sonra “Turan” İnformasiya Agentliyi də öz işinə xitam verib. Agentliyin rəhbəri fəaliyyətin dayanmasını maliyyə çətinlikləri ilə əlaqələndirib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, ABŞ Demokratlar Partiyası qlobal səviyyədə ictimai rəyi öz nəzarətinə almaq üçün fərqli mexanizmlərdən istifadə edib: “Bu təşkilat “qrant” adı ilə öz təsir dairəsində olan media subyektlərinə, QHT və jurnalistlərə maddi vəsait ötürüb, onları milli hökumətlərə qarşı qarayaxma kampaniyası aparmağa həvəsləndirib. Ayrı-ayrı ölkələrdən ələ alınmış jurnalistləri “təlim”lərə cəlb edərək, informasiya təxribatı icra etmək bacarığı aşılayıb”.
Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə, USAID bu yolla, yəni media subyektlərini, fərdi jurnalistləri və QHT-ləri, o cümlədən siyasi partiyaların nümayəndələrini ələ almaqla fəalliyyət göstərdiyi 100-ə yaxın ölkədə ictimai siyasi sektora təsir etmək üçün təşəbbüs göstərib: “Azərbaycanda USAID-ın fəaliyyəti ölkəmizin müstəqillik əldə etməsinin ilk illərinə təsadüf edir. Təbii ki, həmin dövrdə bu təşkilatın hansı məkrli siyasət yürütdüyü, nə işlərlə məşğul olduğu barədə çox da aydın təsəvvür yox idi. Odur ki, o illərdə USAID-in fəaliyyətinə səmimi yanaşılırdı. Sonradan məlum oldu ki, əslində bu qurum digər Qərb donor institutları kimi pozuculuq fəaliyyəti ilə məşğuldur. Başqa sözlə desək, yardım pərdəsi adı altında özünə sadiq QHT-lər, media qurumları formalaşdırmaqla, onları şirnikləşdirməklə radikal siyasi qüvvələr yetişdirir. Belə qüvvələrin Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma kampaniyalarında iştirakı da bunun sübutudur. Bu mənada demək olar ki, o illərdə USAID-in bizim mediaya müəyyən təsiri olub”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, USAID-in konkret olaraq hansı media subyektləri, yaxud hansı jurnalistlər ilə əməkdaşlıq etdiyini söyləmək bir qədər çətindir: “Çünki USAID donor institutlarının prinsiplərini kobud şəkildə pozaraq partnyorluq etdiyi təşkilatların adlarını açıqlamaqdan bir qayda olaraq imtina edib. Məsələn, neçə illər öncə bu təşkilat müstəqil medianın inkişafı adı altında Azərbaycana 2 milyon dollar həcmində qrant ayırdı. Amma hansı media subyektləri ilə əməkdaşlıq olunduğu barədə məlumat verilmədi. Halbuki, bütün bunlar məxfi deyil, şəffaf olmalı idi. Yeri gəlmişkən, bu yaxınlarda Tramp administrasiyasının bu agentliyin layihələrini dayandırmasının əsas səbəblərindən biri elə budur”.
Media eksperti vurğulayıb ki, USAID bu üsulla dünyanın bir sıra ölkələrində öz məkrli niyyətlərini həyata keçirib: “Həmin ölkələr dövlət çevrilişlərinə, vətəndaş müharibələrinə məruz qalıblar. Amma bu kimi proseslər Azərbaycanda baş tutmayıb. Çünki ölkəmizdə bu qurumun məkrli niyyətlərinin üstü vaxtında açılıb və ifşa olunub. Məsələn, Gürcüstan bu cinayətkar qurumla, yəni USAID-lə 2023-cü ildən mübarizə aparmağa başlayıb. Azərbaycan isə ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-ə qarşı kəskin mövqeyini 2013-cü ildən ortaya qoyub”.
Qvami Məhəbbətoğlu, “İki sahil”