18 fevral 2025 22:58
174

Vətən ona oğul dedi

Azərbaycanın minlərlə qeyrətli oğlu kimi Camal Əliyevi də şəhidlik zirvəsinə ucaldan Vətən sevgisi  oldu. Cəmi bu həyatda 20 il yaşadı, amma gələcək nəsillərə də örnək  bir qəhrəmanlıq göstərdi. Bu qəhrəmanlığı əbədi olaraq Camala minlərlə ürəklərdə abidə qoydu.

Cəlilabad şəhərində anada olan Camal Mehman oğlu Əliyevi ta məktəb illərində canına yağı dadanmış yurdunun taleyi  rahat buraxmırdı.  Bütün arzuların  mayasında  Vətənin, xalqının xoşbəxtliyi dayanan Camal qəlbində doğma torpağa məhəbbət, yağıya nifrət hissi  həqiqi hərbi xidmətə yola düşəndə böyük inamla  dost, tanışlarına deyir:- Əsir Qarabağımız yolumuzu gözləyir. Şuşaya üçrəngli qələbə bayrağımızı sancıb hamınızın başını uca edəcəyəm.

Bəli, əsgər Camal  düşmənlə üzbəüz,  ön cəbhədə qulluq edir.  Ana qədər əziz bildiyi doğma Vətəni göz-bəbəyi kimi qoruyur, təlimlər zamanı cəsurluğu, çevikliyi əsgər yoldaşlarına nümunə göstərilir. Ədalətli, təmiz ürəkli, vicdanlı, qeyrətli oğul məqamı olanda dığalara da öz gücünü göstərə bilir.  Bir də “Tezliklə düşməni müharibə meydanında məğlub edib qalib adımız bütün dünyaya yayılacaq.”-deyir.

Əsgər Camal Vətən yolunda şəhid olmağı özünə şərəf  bilir, daha da ürəkdən bağlanır ona. Hər dəfə verilən tapşırıqları yerinə yetirməyə başlayanda  Cəlilabad elinin mərd oğluna yurduna, dövlətinə, xalqına sevgisi duyğuların ən ülvisi olur, qəlbindəki düşməndən qisas yanğısı birə beş artır. Vətən, torpaq naminə döyüşmək  könül dünyasında ən müqəddəs  bir işə dönür. Əsl igid, əsl kişi kimi erməni dığasına qan qusdurmaq  üçün hazır durur  və Vətən sevgisinə tapınmaqla odun-alovun içində hansı qəhrəmanlığın edəcəyini gözünün önünə gətirir...

Nəhayət, cənnət-məkan Qarabağımızı azad etmək, düşməndən intiqam almaq vaxtı-  2020-ci il sentyabrın 27-si çatır. Ən böyük arzusu işğal olunmuş torpaqlardan erməni qaniçənləri qovmaq olan  Camal Əliyev  birincilər cərgəsində müharibə meydanına girir.  Çətin döyüşlərdə özünü irəli verir, lap əfsanəvi “Mixaylo” kimi ermənilərə od qoyur. Mərdliklə, rəşadətlə vuruşur, dəfələrlə ölümün kəndarından  geri dönür.  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yağıdan ürəyincə intiqam ala bilir. Oktyabrın 14-də Füzulidə şəhid olmaqla yeni bir əbədi ulduzlu dünya qazanır. Cəlilabad şəhərində dəfn olunan ölümsüz ömür sahibi Camal Əliyev dövlət tərəfindən “Vətən uğrunda” və digər medallara layiq görülür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü