Hər gün blogerlərin, müğənnilərin, aktyorların və ya gənc anaların Dubay şokoladını daddıqları videolar getdikcə populyarlaşır. Onlar nümayişkaranə şəkildə Şərq ləzzətindən bir parça dişləyirlər, sonra isə bu barədə həvəslə danışırlar. Bu tendensiya təkcə bizim ölkədə deyil, bütün dünyada yayılıb. Bəs bu şokoladın özəlliyi nədir? Onu kim icad edib?
Bu dəbdə olan desert Sara Hamouda tərəfindən icad edilmişdir. O, əslən Britaniyadan olsa da Misir kökləri var və Dubayda yaşayır. Hamiləlik dövründə Sara davamlı olaraq kadayifli künəfə istəyirmiş. Bu, ənənəvi BƏƏ desertidir. O xəmirdən ipə və ya əriştəyə bənzəyən nazik məmulatdır. Un məmulatı şəkər siropunda qaynadılır və sonra qaymaq və ya dondurma ilə süfrəyə verilir.
Hamilə qadın sevimli ləzzətini özü hazırlamaq qərarına gəlir. Nazik xəmiri kremlə qarışdırır, bir ovuc püstə və şokolad əlavə edir. Hazırladığı şirniyyatı o qədər bəyənir ki, dərhal ərinə şokoladçı olacağını söyləyir. Əri ona şokolad biznesi açmağa dəstək olur. Əvvəlcə Sara sosial şəbəkədə öz ixtirasını reklam edir və buna "Dubay şokoladı" deyir. Daha sonra canlı efirdə püstə ləzzətini dadmaq məcburiyyətində qalan bloggerlərlə əməkdaşlıq edəndən bir qədər sonra isə onlayn mağaza açır.
Maraqlıdır ki, bu zövq böyük auditoriya tərəfindən bəyənildi - onlar öz dequstasiya videolarını fəal şəkildə tanıtmağa başladılar. İstedadlı şokoladçı bir neçə min sifariş aldı ki, onun öhdəsindən gələ bilmədi. Hamilə qadın “The New York Times” qəzetinə müsahibəsi zamanı bildirib ki, tələbat çox olduğu üçün o, bir saniyə də olsun dayanmadan çalışıb, hətta mobil telefonunu belə kənara atıb.
Desert niyə viral oldu?
Saranın şokolad biznesi 2021-ci ildə işə başlasada lakin 2024-cü ildə çiçəkləndi. Müxtəlif ölkələrdə şokolad TikTok sayəsində məşhurlaşdı. İlk dəfə blogger Maria Veher Dubay şokoladını sınadığı videosunu yayımlayıb. Video viral oldu və 2025-ci ilə qədər 100 milyondan çox baxış qazanıb. Sosial şəbəkə istifadəçiləri də Dubay yeniliyini kütləvi şəkildə sınamağa başlayıblar.
Gənclər xırçıldayan şirniyyatı moda trendi kimi qəbul edirlər. Onlar üçün bu, sərvət simvoludur, çünki bazarda orijinal 200 qramlıq şokolad baha başa gəlir. Bu gün onlayn mağazalar şokoladların geniş seçimini təklif edir.
Dubay şokoladının faydaları və zərərləri
Dubay şokoladının yüksək keyfiyyətli şokoladdan hazırlanmasına baxmayaraq, tərkibində çoxlu miqdarda karbohidrat var və yüksək kalorilidir. 100 qramı təxminən 560 kkal ehtiva edir. Şokolad aclığı tez aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır və stresi azaldır. Ancaq çox yemək və pəhrizdə şəkərin çox olması qan qlükozasının artmasına səbəb olur ki, bu da bir neçə saatdan sonra yorğunluğa və iştahın artmasına gətirib çıxarır.
Xaricdə hazırlanan bəzi növlərində qida asılılığına səbəb olan kofein var. Ona görə də şokoladdan sonra yuxusuzluq yarana bilər, uşaqlar isə daha da aktivləşə bilər.
Nubar Süleymanova, “İki sahil”