Ermənistanı quyunun dibinə salan onun kimi ağıldan bəlalar oldu
Ermənistanın ikinci prezidenti, Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq quruma rəhbərlik edən, cani Robert Koçaryan separatçı rəhbərlər üzərində Bakıda Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə təqsirləndiriən erməni əsilli şəxslərin üzərində keçirilən məhkəmə prosesinə münasibət bildirib.
Ermənistan mediasına istinadən xəbər verilir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb: “Mən gündə on dəfə “Dağlıq Qarabağ”ın (ləvğ edilmiş qondarma qurum nəzərdə tutur) “liderləri” ilə əlaqə saxlamışam. Onları çıxarmaq üçün variantlar tapmağa çalışdım. Mən indi çox danışa bilmərəm. Məhkəmənin bu biabırçı şəkli gözümün qabağında dayanır. Ermənistan rəhbərliyi onları çıxarmaq üçün hər şeyi etməli idi. Helikopter göndərin, sülhməramlılarla danışıqlar aparın. Mən bu məsələni Ermənistanın hakimiyyətin iştirakı olmadan həll etməyə çalışdım. Bəlkə də nə vaxtsa ikinci kitab yazıb ətraflı məlumat verəcəm”, - deyə Koçaryan sayıqlayıb.
Bu fikirlər Ermənistana uzun illər kimlərin rəhbərlik etdiklərini açıq göstərir. Bu adam özünün və Qarabağdakı həmfikirlərinin işğalçı cinayətlərini etiraf etmək əvəzinə hələ də sərsəmləmələrə haqq qazandırır. Əslində prezident olmuş bu adam özünün siyasi kor və dayaz bir şəxsiyyət olduğunu nümayiş etdirir. Başa düşmək istəmir ki, bəzi beynəlxalq təşkilatların, ermənipərəst qüvvələrin gücü çatmadığı bir işə girişmək axmaqlıqdır. Bəyəm indi heç kim olan Robert Koçaryan Fransa Prezidenti Emmanuel Makrondan, Avropa Şurası Parlament Assambleyasının almaniyalı üzvü Frank Şvabedən, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulindən, ABŞ-ın senator və konqresmenlərindən güclü şəxsiyyət olmadığını anlaya bilmir?
Xatırladaq ki, Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüf deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcəklər. Əgər Azərbaycan bu cür qüvvələrin göstərdikləri təzyiqləri neytrallaşdırırsa, onlara qətiyyətlə rədd cavabı verirsə onda Koçaryan kimi mikroskopik şəxslərin çabalamamları heç bir məna kəsb etmir. Başıboş və yekəxana Koçaryan sarsaqlayır ki, guya o, Bakıda həbsdə saxlananları “Ermənistan hakimiyyətinin iştirakı olmadan” xilas etməyə çalışıb. Qısaca deyək ki, ABŞ-da, Rusiyada və Fransada nüfuzlu sayılan erməni lobbilərinin heç bir iş görə bilmədikləri məsələyə burun soxmaq Koçaryanın kəmağıllığından xəbər verir. Şübhəsizdir ki, keçmiş prezident bu çıxışı ilə Paşinyanı və onun komandasını ermənilərin gözündən salmaq, əvəzinə ora özünü pərçimləmək kimi niyyət güdür. Bu çıxışı ilə kütbeyin haylara mesaj göndərir ki, o, hələ ayaqdadır. Düşünür ki, belə bir mesajla yenidən hakimiyyət başına gəlmək üçün cəmiyyətdə özünə siyasi dividend qazandıra bilər. Ancaq anlamır ki, necə deyərlər, onun qatarı çoxdan gedib. Ermənilər onu yaramaz əməllərinə, yalnız öz sərvətini artırmağa çalışdığına, əhalini səfil günə saldığına görə rədd ediblər. Qanmaz saydığı hay cəmiyyəti indi hətta onun ləpirini belə qazıyıb Ermənistandan atmağa hazırdır. Utanmadan cəmiyyətdə yaratdığı belə alçaq obrazı ilə yenidən dövlətin birinci kürsüsünə iddia edir. Allah buna ağıl verməsin!
Vəli İlyasov, “İki sahil”