Fevralın 19-da Milli Məclisində Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Assambleyanın büdcə və planlaşdırma istiqamətində fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə resurslarının idarə olunması və inkişaf strategiyalarının müəyyən edilməsi müzakirə olunub.
Əvvəlcə gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb və iştirakçılar tərəfindən ilkin olaraq gündəliyin layihəsi qəbul edilib.
Sonra Qətər parlamentinin komitə sədri Ahmet Al Hitmi katibliyin hesabatını təqdim edib. Hesabatda Assambleyanın son dövrdə maliyyə idarəçiliyi, həyata keçirilmiş layihələri və gələcək planları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin Assambleyanın maliyyə dayanıqlığının artırılması və üzv dövlətlərin töhfələrinin optimallaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.
İclasın davamında APA İcraiyyə Şurası tərəfindən tövsiyə olunan qətnamə layihəsi nəzərdən keçirilib. Qətnamənin əsas məqamları Assambleyanın maliyyə idarəetmə mexanizmlərinin səmərəli qurulması və üzv dövlətlərin daha aktiv iştirakının təmin edilməsi ilə bağlı olub.
Bununla yanaşı, tədbir çərçivəsində müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Parlament nümayəndələri büdcə və planlaşdırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi, üzv dövlətlərin iqtisadi və sosial prioritetlərinin nəzərə alınması və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi məsələləri üzrə müzakirələr aparıblar.
Sonda gündəlikdəki bütün məsələlər yekdilliklə qəbul edilib və növbəti addımların müəyyən edilməsi istiqamətində qərarlar qəbul olunub. APA-nın büdcə və planlaşdırma siyasətinin daha da gücləndirilməsi məqsədilə irəli sürülən təkliflər üzv dövlətlər tərəfindən dəstəklənib. Beləliklə, Asiya Parlament Assambleyasının iclasında 1 milyon ABŞ dolları dəyərində olan büdcəsi qəbul edilib.
Qeyd edək ki, Asiya Parlament Assambleyası Asiya ölkələrinin qanunverici orqanlarını birləşdirən və regional əməkdaşlığı gücləndirməyi hədəfləyən nüfuzlu parlament təşkilatıdır. Azərbaycanın bu qurumda aktiv iştirak etməsi ölkənin beynəlxalq parlament diplomatiyasına verdiyi töhfənin göstəricisidir.