Görəsən bundan utanc hissi keçirirmi?
Özünü həmişə aydan arı, sudan duru qələmə verməyə çalışan, əslində isə xirtdəyinə qədər çirkabın içində olan Emmanuel Makron Fransasının yeni cinayətləri üzə çıxmaqdadır. Onsuz da çoxdan bütün dünyaya məlumdur ki, Yer kürəsində ən təcavüzkar dövlətlərdən biri Fransadır. Tarixən də belə olub. Ancaq bu yazıda Fransa Prezidenti Emmanuel Makronu qoruyan hərbçi və rəsmilərinin rüşvətxorluğundan bəhs edəcəyik.
Bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi” özəl mənbələrə istinadla məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, Fransa Prezidentinin Mühafizə Xidmətinin rəhbəri Aleksandr Benallanın və Fransanın “Saur” şirkətinin Azərbaycanda istintaq altında olan vitse-prezidenti Anass Derrazın Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət aldıqları üzə çıxıb.
Sənədlərə görə, Fransa rəsmiləri böyük biznes sahibi Fərhad Əhmədovdan 2018-ci ildə rüşvət tələb ediblər. Bunun müqabilində onlar milyarderin dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad edilməsini təmin edəcəkləri vədini veriblər.
Əhmədov bu milyonlarla dollarlıq rüşvətin bir hissəsini Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına və Anass Derrazın “AL HILAL BANK”dakı hesabına köçürüb.
Nəşrə danışan diplomatik mənbələrdən verilən məlumata görə, Azərbaycan təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq nəticəsində Anass Derraz saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb. Digər tərəfdən, Aleksandr Benallanın beynəlxalq axtarışa verildiyi bildirilib.
Səlahiyyətli şəxslərin fikrincə, Fransa hakimiyyət orqanları qalmaqalı ört-basdır etməyə çalışıb. Lakin Azərbaycanın korrupsiyanı ifşa etməkdə qərarlı olduğu vurğulanır.
Bildirilib ki, Fransa hakimiyyəti təkcə bu cinayət işindən deyil, həm də beynəlxalq sanksiyalar altında olan insanların rüşvət şəbəkəsinin ifşa olunmasından çox narahatdır.
Qeyd olunur ki, Fransanın Azərbaycandakı səfirliyi çoxsaylı cəhdlərə baxmayaraq Anass Derrazı sübutlardan qoruya bilmir. Çünki sənədlər Fərhad Əhmədov, Benalla və Derraz arasında bağlanmış məxfi razılaşmaları açıq şəkildə ifşa edir..
“Qalmaqalın başlaması ilə Makron administrasiyası çətin günlər yaşamağa başlayıb. Fransadakı müxalifət partiyaları hökumətin bu çirkin işlərdən xəbərdar olub-olmadığını sorğulayır. Eyni zamanda, Makron hakimiyyətinin korrupsiyanın cəngində qalması ilə bağlı ictimai müzakirələr başlayıb”, - deyə nəşr bildirib.
Belə biabırçı fakt birinci deyil, yəqin heç axırıncı da olmayacaq. Çünki Fransa dövlətinin təməli cinayət yolu ilə əldə edilmiş pulların üzərində qurulub. Uzaq əsrlərdən hazırkı dövrə qədər iyirmidən çox ölkənin varidatının talanaraq Parisə daşınması buna əyani sübutdur. Cənubi Afrika ölkələrinin varidatının əllərindən zorakılıqla alınması müstəmləkəçi hakimiyyəti elə qudurdub ki, sanki qarşılarına çıxanları özlərinə borclu hesab edir, həyasızcasına hamıya öz hegemonluqlarını qəbul etdirmək istəyirlər. Ancaq Emmanuel Makron belə siyasətlə çox da uzağa gedə bilməz. Artıq müstəmləkə ölkələrindəki məzlum xalqlar ayağa qalxır, Fransanın zülmkar hakimiyyətinə qarşı azadlıq mübarizəsi aparırlar. Otuz il müddətində Ermənistan işğalçılarına qarşı vuruşmuş Azərbaycan Fransa tərəfindən haqqı tapdalanan Cənubi Afrika xalqlarının azadlıq mübarizəsinə dəstək verir. Bu isə otuz il işğalçı Ermənistanın terrorçu başçılarına “Biz həmişə sizin yanınızdayıq” deyən Makrona xoş gəlmir. Rəsmi Bakıya öz şərtlərini zorakılıqla qəbul etdirmək cəhdləri boşa çıxır. Ona görə də, o, Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını ələ alaraq öz komandası ilə bərabər Azərbaycana qarşı şər, böhtan kampaniyasına qoşub. Azərbaycan da öz növbəsində Fransaya qarşı adekvat addımlar atır, onunla zor dilində danışmamağı tələb edir. Qoy yekəxana Makron korrupsiya bataqlığına saldığı Fransanı çirkdən təmizləsin, rüşvətə qurşanmış komanda üzvlərini ya tənbeh etsin, ya da uzaqlaşdırsın. Ancaq görünən odur ki, Fransanı boğan pis qoxulu çirkabı Sena kimi böyük çayın da təmizləməyə suyu çatmaz.
Vəli İlyasov, “İki sahil”