19 fevral 2025 19:48
175

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb - YENİLƏNİB

Fevralın 19-da Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, ümumilikdə 280 nəfərə yaxın qonaq iştirak edib.

On beşinci Plenar Sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, sessiya əməkdaşlığı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.

S.Qafarova qeyd edib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub. Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq.

Parlamentin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, dünyanın hazırda həqiqətən ehtiyac duyduğu şey beynəlxalq öhdəliklərə tam hörmət olunmasıdır. Həqiqətən də beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və seçici yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə müdaxilə bugünkü ziddiyyətlərin və gərginliklərin əsas mənbəyidir. Bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir.

Milli Məclisin sədri birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib.

Sonra Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Reza Məcidi çıxış edib.

Baş katib ölkəmizin Asiya Parlament Assambleyasına sədrliyinin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin bu təşkilata sədrliyə ilə qarşıda duran məqsədlərə birgə səmərəli əməkdaşlıq nəticəsində nail ola biləcəyik.

Məhəmməd Reza Məcidi Asiya Parlament Assambleyasının regionda sülhün, təhlükəsizliyin, etimadın gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Azərbaycanın üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğunu vurğulayıb.

Baş katib Asiya Parlament Assambleyasına üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qurum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, təşkilatın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini deyib. O, həmçinin regional münaqişələrin törətdiyi faciələrdən danışaraq, onların nizamlanmasının önəmini qeyd edib.

Məhəmməd Reza Məcidi APA-nın Asiya regionunda ölkələrarası münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.

Sonra sessiyada Asiya Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri, sədr müavinləri və üzvləri, o cümlədən Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lungten Dorci, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid MohdAltayer, Fələstin Milli Şurasının sədr müavini Ali Faysal, İordaniya Milli Assambleyasının Nümayəndələr Palatası sədrinin müavini Əhməd Hamisat, Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi dövründə böyük uğurlar qazanacağına inam ifadə edilib. İştirakçılar bu gün APA-nın regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində mühüm rolundan söhbət açıblar. Qurumun regionda davamlı inkişafın, insan hüquqlarının, sülh və sabitliyin təşviqi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə önəm verdiyi bildirilib, bununla bağlı ümumi məqsədlərə çatmaq üçün həyata keçirilən tərəfdaşlığın vacibliyindən bəhs edilib.

Tədbir iştirakçıları müasir dünyada təhlükəsizliyin təmin edilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, bunun qarşılıqlı dialoq və konstruktiv əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Asiya Parlament Assambleyasına Azərbaycanın uğurlu sədrliyindən danışan çıxışçılar qurumun öz fəaliyyətində sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rola malik olduğunu, regionda və dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsi ilə bağlı məsələlərin həllinə töhfə verdiyini söyləyiblər.

Bildirilib ki, qurum üzv ölkələr arasında qarşılıqlı etimadın və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmlə mübarizədə, kibercinayətkarlığınqarşısının alınmasında, informasiya təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı əməkdaşlıq, regional və ikitərəfli münasibətlərin gücləndirilməsi məsələlərinə böyük önəm verir. Habelə, müasir dünyada xalqların suveren hüquqlarının müdafiəsi, sosial ədalət və bərabərlik prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanıb. APA-nın bu gün qlobal çağırışlar, o cümlədən iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik dövründə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm platforma olduğu söylənilib. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışların vacibliyindən bəhs edilərək, ötən il Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilmiş COP29 tədbirində əhəmiyyətli təşəbbüslərin verildiyi, mühümqərarların qəbul edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, qeyd olunub ki, təşkilat üzv ölkələrin parlament strukturları arasında əməkdaşlığın gücləndirilməsiniəhəmiyyətli hesab edir. Üzv ölkələr arasında qurum çərçivəsində, eyni zamanda, ikitərəfli qaydada münasibətlərin inkişafında parlament diplomatiyasının vacibliyi vurğulanıb. Qanunverici orqanlar arasında təcrübə mübadiləsindən, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb.

Çıxışlarda, həmçinin qurumun digər beynəlxalq və regional təşkilatlarla əlaqələrinə toxunulub, üzv dövlətlərin beynəlxalq qurumlarda əməkdaşlığının əhəmiyyətindən söhbət açılıb. APA-nın Asiyada iqtisadi tərəqqiyə nail olmaq, sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində gələcəkdə də öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edilib.

Fasilədən sonra öz işini davam etdirən plenar sessiyada gündəlik qəbul edilib, APA-nın Bürosu seçilib.

Sessiyada Milli Məclisin APA-da nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev məruzə ilə çıxış edib.

Tədbirdə APA-nın Baş karibi Məhəmməd Reza Məcidi qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Sessiyada, həmçinin Oman Sultanlığına tamhüquqlu üzv statusunun, Belarus Respublikasına müşahidəçi statusunun təqdim olunması ilə bağlı məsələlərə baxılıb.

Yığıncaqda “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda müzakirələr davam etdirilib.

Plenar sessiya çərçivəsində, həmçinin APA-nın Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma daimi komitələrinin iclasları da keçirilib. İclaslarda bu komitələrin profilinə uyğun məsələlərə dair qərar layihələri müzakirə olunub.

Plenar sessiya işini fevralın 20-də davam etdirəcək.