1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.
Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər.
Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya və həyata keçirilən digər tədbirlər nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.
Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır və proses davam edir.
Çox obyektiv reallıqdır ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də “yaddan çıxmamış”, İlham Əliyev cənablarının apardığı çox uğurlu siyasət nəticəsində onlar həbs olunaraq Bakıya gətiriliblər. Hazırda bu insanlığa sığmayan vəhşilikləri törədənlərin məhkəməsi gedir və ümid edirik ki, onlar özlərinin layiqli cəzalarını alacaqlar. Eyni zamanda inanırıq ki, xalqımız öz Ali Baş komandanı və Prezidenti İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruğun həmişə yerində olduğunu daim nümayiş etdirəcək və xoş gələcəyimizə doğru inamla irəliləyəcəkdir.
Eldar İbrahimov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin İntizam komissiyasının sədri, professor